ABŞ İrana zərbə endirib
ABŞ hərbi qüvvələri Hörmüz boğazı istiqamətində İran tərəfindən buraxılan pilotsuz uçuş aparatlarını (PUA) vurduqdan sonra şənbə günü İranın sahilyanı radar və müşahidə məntəqələrinə zərbələr endirib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) "X" platformasında məlumat yayıb.
Hədəf alınan obyektlər boğazın strateji nöqtələrində yerləşən Qoruk və Qeşm adasındakı müşahidə məntəqələri olub.
ABŞ rəsmiləri İran PUA-larının bölgədəki dəniz ticarəti gəmilərini hədəf aldığını bildirib.
İran Xarici İşlər Nazirliyi ABŞ-ın bu addımının 8 apreldə əldə olunmuş atəşkəsi pozduğunu bəyan edib və Vaşinqtonu gərginliyi artırmaqda ittiham edib.
Bunun ardınca, İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi bazalarına ballistik raketlərlə cavab zərbələri endirdiyini və icazəsiz keçməyə çalışan 4 tankeri atəşə tutduğunu elan edib.
Küveyt ordusu hava məkanına daxil olan 7 ballistik raketdən 6-nın zərərsizləşdirildiyini, raket qalıqlarının yaşayış məntəqələrinə düşməsi nəticəsində maddi ziyan dəysə də, tələfat olmadığını bildirib. Bəhreyndə isə həyəcan siqnalları işə düşüb.
21:05 06.06.2026
Oxunuş sayı: 52