Zaxarova: Müxalifətin seçkilərə buraxılmaması onların legitimliyini şübhə altına alacaq
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda ən böyük müxalif qüvvələrin parlament seçkilərində iştirakdan kənarlaşdırılması ilə bağlı məlumatların Moskvanı narahat etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Zaxarovanın sözlərinə görə, ölkədə seçkiqabağı mübarizə “qanun və qaydalar çərçivəsində” aparılmaq əvəzinə, demokratik prosedurlara qarşı mübarizə müşahidə olunur.
O, “Güclü Ermənistan” hərəkatının və “Çiçəklənən Ermənistan” partiyasının seçkilərdən kənarlaşdırılması ehtimalını “demokratiyaya qarşı cinayət” adlandırıb.
Zaxarova qeyd edib ki, belə bir ssenari baş verərsə, Ermənistan vətəndaşları ölkələrinin gələcəyini seçmək hüququndan məhrum olacaq və bu, bütövlükdə seçki prosesinin legitimliyini şübhə altına alacaq.
Rusiya XİN-də bildirilib ki, belə bir vəziyyətdə beynəlxalq qurumlar, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və Avropa Şurası Parlament Assambleyası yalnız narahatlıq ifadə etməklə kifayətlənə bilməz.
Moskva həmçinin ümid etdiyini bildirib ki, Ermənistan hakimiyyəti demokratik prosedurlara yalnız sözlə deyil, əməldə də riayət edəcək.
Zeynəb Həsən
11:37 06.06.2026
Oxunuş sayı: 64