Mənasız görüşlər işçilərin vaxtını alır
Ofis əməkdaşlarının bir çoxu iş görüşlərinin faydasız və vaxt itkisinə səbəb olduğunu düşünür.
Crossmedia.az xəbər verir ki, Böyük Britaniyada aparılan son sorğuya əsasən, orta statistik işçi il ərzində təxminən 27 gününü səmərəsiz görüşlərdə keçirir.
Mütəxəssislər bildirirlər ki, görüşlərin daha effektiv olması üçün əvvəlcədən hazırlıq mühüm rol oynayır.
Görüşü idarə edən şəxslərin gündəlik plan və müzakirə mövzularını iştirakçılarla öncədən paylaşması, iştirakçıların isə materiallarla tanış olması tövsiyə edilir.
Qeyd olunur ki, görüşlərdə həm aktiv, həm də daha az danışan iştirakçılara fikir bildirmək imkanı yaradılmalıdır.
Onlayn görüşlərdə ad göstəriciləri və əl qaldırma funksiyaları kimi alətlər ünsiyyəti asanlaşdırsa da, həm onlayn, həm də əyani iştirakçıların olduğu hibrid görüşlər kifayət qədər planlaşdırılmadıqda daha az səmərəli olur.
Mütəxəssislərin fikrincə, qısa fasilələrin verilməsi və diqqətin cəmlənməsinə kömək edən üsulların tətbiqi görüşlərin məhsuldarlığını artırır.
Onlar həmçinin vurğulayırlar ki, görüşdən sonra qeydlərin paylaşılması və iştirakçılara təşəkkür edilməsi də uğurlu ünsiyyətin vacib elementlərindəndir.
Ekspertlər hesab edirlər ki, düzgün planlaşdırma və əməkdaşlıq sayəsində iş görüşlərini daha faydalı etmək mümkündür.
Zeynəb Həsən
01:12 06.06.2026
Oxunuş sayı: 48