FIFA azarkeşləri aldatdı? - ABŞ rəsmiləri araşdırmaya başladı
2026-cı il Dünya Çempionatının başlamasına iki həftə qalmış FIFA ABŞ-da araşdırma ilə üzləşib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, FIFA-nın bilet qiymətlərini süni şəkildə artırdığı və azarkeşləri yanlış məlumatlandırdığı iddiaları üzrə Nyu-York və Nyu-Cersi ştatlarının aidiyyəti qurumları tərəfindən araşdırma aparılır.
Şikayət edən azarkeşlər bildirirlər ki, bilet satışı prosesi qarışıq olub və biletlər alındıqdan sonra stadionların oturacaq sxemlərində dəyişiklik edilib. Nəticədə bəzi azarkeşlər əvvəlcədən ödəniş etdikləri bahalı kateqoriyalara uyğun yerlər əvəzinə meydandan daha uzaq və ya qapı arxasındakı sektorlara yönləndiriliblər.
İddialara görə, bəzi biletlərin qiyməti səfər və otel xərcləri nəzərə alınmadan 2 min ABŞ dollarını ötüb. Azarkeşlər FIFA-nın Dünya Çempionatını ailələr üçün əlçatan tədbir kimi təqdim etdiyini, lakin qiymətlərin adi insanların oyunlara qatılmasını çətinləşdirdiyini deyirlər.
FIFA isə araşdırma ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Azarkeşlərin bir qismi təşkilatı azarkeş maraqlarından daha çox gəlir əldə etməyə üstünlük verməkdə ittiham edir.
08:54 04.06.2026
Oxunuş sayı: 48