Zelenski hökümətə bir həftə vaxt verdi
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemləri ilə bağlı danışıqların sürətləndirilməsini tələb edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski bu məsələni Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik və Müdafiə Şurası, eləcə də Prezident Aparatının nümayəndələri ilə keçirdiyi görüşdə qaldırıb.
Ukrayna lideri bildirib ki, cümə gününədək ya “Patriot” sistemləri üzrə razılaşmanın həyata keçirilməsi üçün konkret fəaliyyət planı təqdim olunmalı, ya da bu istiqamətdə cavabdeh olan məmurlarla bağlı kadr qərarları qəbul ediləcək.
Zelenski vurğulayıb ki, Rusiyanın son dövrlərdə intensivləşən raket və pilotsuz uçuş aparatları hücumları fonunda Ukrayna “Patriot” raketlərinin ciddi çatışmazlığı ilə üzləşib.
Prezident hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinin ölkənin əsas prioritetlərindən biri olduğunu qeyd edib.
16:58 03.06.2026
Oxunuş sayı: 43