Tramp İranla bağlı hərbi variantları yenidən gündəmə gətirir
CNN ABŞ prezidenti Donald Tramp administrasiyasının İranla bağlı hərbi variantları yenidən ciddi şəkildə nəzərdən keçirdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, telekanalın məlumatına görə, Trampın Çinə planlaşdırılan səfərindən əvvəl İranla bağlı yekun qərarın qəbul olunacağı ehtimalı aşağı qiymətləndirilir.
Məlumata əsasən, ABŞ prezidenti Tehranın danışıqlar prosesini idarə etməsindən narazıdır və son həftələrlə müqayisədə genişmiqyaslı hərbi əməliyyatların bərpasına daha ciddi yanaşır.
CNN yazır ki, Tramp xüsusilə Hörmüz boğazında davam edən blokadadan və İran rəhbərliyində yaranmış vəziyyətdən məyusdur. ABŞ prezidenti İranın son cavabını “axmaq” adlandırıb.
Telekanalın məlumatına görə, bu açıqlama Vaşinqton rəsmiləri arasında Tehranın danışıqlara nə dərəcədə ciddi yanaşdığı ilə bağlı şübhələri artırıb.
CNN həmçinin bildirir ki, Pentaqon daha aqressiv ssenarilər və hədəfli zərbələr üzərində işləyir. Bununla yanaşı, ABŞ administrasiyasında diplomatik xəttin davam etdirilməsini müdafiə edən rəsmilər də var.
11:17 12.05.2026
Oxunuş sayı: 111