Rusiya Azərbaycana dəstək olub
"Rusiyada Azərbaycanın Avropa Parlamenti ilə bağlı qərarına təəccüblənmirlər".
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.
Zaxarova Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsini şərh edərək, avroparlamentarilərin həm Azərbaycana, həm Rusiyaya, həm də bir çox digər ölkələrə münasibətdə yanaşmalarının qəbuledilməz olduğunu vurğulayıb.
Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Avropa Parlamentinin 30 aprel tarixində qəbul etdiyi anti-Azərbaycan qətnaməsindən sonra Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarını dəstəkləyib.
“Bakının qondarma Avropa Parlamenti ilə bütün təmasları dayandırmaq qərarı təəccüb doğurmur. Məsələ ondadır ki, bu strukturun suveren dövlətlərin daxili işlərinə kobud şəkildə müdaxiləsi, hörmətsizliyi və təkəbbürü ilə təkcə Azərbaycan qarşılaşmır. Bu qurum anti-elmi, sadəcə siyasiləşdirilmiş deyil, həm də saxta qətnamələri sanki xarab olmuş printer kimi fasiləsiz şəkildə istehsal edir. Bu qətnamələrin üçüncü ölkələrə münasibətdə dili əsasən təkəbbürlü və müəllimvari tondadır, sanki hansısa metropoliya öz müstəmləkələri ilə danışır”, — deyə o bildirib.
Onun sözlərinə görə, Avropa Parlamenti çoxdan Brüsselin ultraliberal yanaşmalarının ruporuna çevrilib.
Diplomat əlavə edib ki, Rusiya Aİ ilə konstruktiv əməkdaşlığı dəstəkləyir.
“Biz başa düşürük ki, Bakı digər Avropa strukturları ilə dialoqu davam etdirir və bunun üçün suveren hüquqa malikdir. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın mayın 5-də Bakıya səfəri baş tutub və bu, istənilən dövlətin suveren hüququdur”, — deyə o yekunlaşdırıb.
Nigar Xəlilli
16:33 07.05.2026
Oxunuş sayı: 46