Ərdoğanın “yox” deməsi - Makronun sərhəd planı niyə baş tutmadı?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Bakı ilə məsləhətləşmələrdən sonra Fransa prezidenti Emanuel Makrona Ermənistan üzərindən Türkiyə quru sərhədini keçməyə icazə verməməsi regionda diqqət çəkən siyasi hadisələrdən biri kimi qiymətləndirilir.
Bu addım təkcə diplomatik qərar deyil, həm də Cənubi Qafqazda davam edən geosiyasi proseslərə verilmiş mühüm mesaj hesab olunur.
Məlumdur ki, son illərdə Fransa regionda xüsusilə, Ermənistanla yaxın münasibətləri və Azərbaycana qarşı sərgilədiyi mövqe ilə diqqət mərkəzindədir.
Bu baxımdan, Ankaranın atdığı addım həm Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin növbəti göstəricisi, həm də bölgədə sərhədlərin və kommunikasiya məsələlərinin yalnız regional reallıqlar çərçivəsində həll olunacağına dair mesaj kimi qiymətləndirilir.
Bəs bu qərar hansı siyasi nəticələr doğura bilər? Ankara bununla Fransaya hansı mesajı verdi və bu hadisə Türkiyə-Fransa münasibətlərində yeni gərginlik yarada bilərmi?
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlama verib:

“Rəcəb Tayyib Ərdoğanın Fransa prezidenti Makrona Ermənistan sərhədindən Türkiyə ərazisinə keçməyə icazə verməməsi olduqca mühüm və diqqətçəkən hadisədir. Çünki bu məsələ birbaşa Cənubi Qafqazda davam edən sülh prosesi ilə bağlıdır.
Məsələ ondadır ki, Makron rəsmi İrəvanla, yəni Nikol Paşinyan hakimiyyəti ilə birlikdə həm Azərbaycana, həm də Türkiyəyə qarşı siyasi və psixoloji təxribat xarakterli addım atmağa çalışıb.
Bu cəhd Azərbaycanın iştirakı olmadan sərhəddən istifadə edilməsinə yönəlmiş bir presedent yaratmaq məqsədi daşıyırdı. Yəni belə bir görüntü formalaşdırmağa çalışırdılar ki, Türkiyə-Ermənistan sərhədləri Azərbaycanın iştirakı və razılığı olmadan da açılıb fəaliyyət göstərə bilər”.
Politoloq əlavə edib ki, lakin rəsmi Ankara buna kifayət qədər operativ və düzgün reaksiya verdi:
“Əvvəlcə rəsmi Bakı ilə məsləhətləşmələr aparıldı, daha sonra isə Makronun sərhədi keçməsinə qadağa qoyuldu. Bununla həm Fransaya, həm də Ermənistana açıq mesaj verildi ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasından birbaşa asılı olan məsələdir.
Əks halda, həmin sərhədin açılması mümkün deyil. Bu hadisə onu göstərir ki, Fransa hələ də Cənubi Qafqazda təxribat yaratmaq, hərbi-siyasi eskalasiyanı artırmaq istiqamətində fəaliyyətini davam etdirir. Paris regionda qarışıqlıq yaratmağa, sülh və sabitliyə zərbə vurmağa çalışır.
Bu baxımdan, hesab etmək olar ki, Azərbaycan Prezidenti İlham Əliyev Fransanın Cənubi Qafqazdakı sülh prosesində iştirakına qarşı çıxarkən bütün bu məqamları nəzərə almışdı və kifayət qədər doğru mövqe sərgiləmişdi.
Hazırkı vəziyyət bir daha göstərir ki, Fransanı həm Azərbaycan-Ermənistan sülh prosesinə, həm də ümumiyyətlə Cənubi Qafqazdakı digər geosiyasi proseslərə yaxın buraxmaq yanlış olardı.
Çünki Fransa regionda pozucu və təxribatçı rol oynayan dövlət kimi çıxış edir. Onun bu proseslərdə iştirakı əlavə risklər yarada bilər.
Türkiyə-Fransa münasibətlərinə gəlincə isə, Makronun sərhədi keçməsinə icazə verilməməsinin iki ölkə arasındakı münasibətlərdə ciddi dönüş yaradacağını düşünmürəm. Çünki Türkiyə-Fransa münasibətləri onsuz da kifayət qədər gərgin xarakter daşıyır”.
Bunun əsas səbəblərindən biri Fransanın Yunanstanı dəstəkləməsi və onu Türkiyəyə qarşı daha sərt hərbi-siyasi addımlara təşviq etməsidir. Fransa Yunanıstanı Türkiyəyə yaxın adalarda hərbi potensialını artırmağa həvəsləndirir.
Halbuki, rəsmi Ankara dəfələrlə bəyan edib ki, bu, mövcud beynəlxalq razılaşmalara ziddir. Türkiyə və Yunanıstan arasında imzalanmış müqavilələrə əsasən həmin adalarda hərbi kontingentin yerləşdirilməsi nəzərdə tutulmur.
Buna baxmayaraq, Fransa Yunanıstana himayədarlıq edərək rəsmi Afinanı Türkiyə ilə qarşıdurmaya sürükləyir. Bu baxımdan son yaşanan “Macron hadisəsi” Türkiyə-Fransa münasibətlərində yeni və ya ciddi dəyişiklik yaradacaq hadisə kimi qiymətləndirilmir. Çünki tərəflər arasında mövcud gərginlik artıq uzun müddətdir davam edir”.
Ayhan
15:40 07.05.2026
Oxunuş sayı: 47