Ukraynaya SƏRT MESAJ: Üzvlük hədiyyə deyil
Avropa İttifaqında Ukraynanın üzvlük prosesinin sürətləndirilməsi ilə bağlı çağırışlar narazılıqla qarşılanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin israrlı mövqeyi Avropa paytaxtları arasında gərginliyi artırır və bir çox ölkələr sürətləndirilmiş üzvlük müddətlərini qeyri-real hesab edir.
Avropalı rəsmilərdən biri bildirib ki, üzvlük hədiyyə deyil, digər mənbələr isə Kiyevin "siz bizə borclusunuz" ritorikasının danışıqları çətinləşdirdiyini vurğulayıb.
Nəşr qeyd edir ki, Fransa və Almaniya tam üzvlük əvəzinə mərhələli inteqrasiya modelini dəstəkləyir. Bu model çərçivəsində Ukraynaya Aİ mexanizmlərinə qismən çıxışın verilməsi nəzərdə tutulur.
Bildirilir ki, tam üzvlük prosesinin ən azı 10 il çəkə biləcəyi ehtimal olunur. Bununla belə, Kiyev müvəqqəti formatları qəbul etmək istəmir və tam üzvlükdə israr edir.
Eyni zamanda, Aİ rəsmiləri Ukraynada xüsusilə korrupsiyaya qarşı mübarizə və qanunun aliliyi sahəsində islahatların tempindən narazılıqlarını ifadə edir. Qeyd olunur ki, bəzi qanunvericilik təşəbbüsləri üzrə müddətlər buraxılıb və maliyyə dəstəyi üçün irəli sürülən şərtlərlə bağlı da fikir ayrılıqları mövcuddur.
14:30 01.05.2026
Oxunuş sayı: 47