Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı nə vəd edir?
Son dövrlərdə regionda hərbi-sənaye əməkdaşlığının genişlənməsi və yeni tərəfdaşlıqların formalaşması diqqət mərkəzindədir.
Xüsusilə, müdafiə sənayesi sahəsində birgə istehsal, texnologiya mübadiləsi və qarşılıqlı təcrübə paylaşımı dövlətlər üçün strateji əhəmiyyət daşıyır.
Bu kontekstdə ölkələr arasında qurulan əməkdaşlıq əlaqələrinin gələcək perspektivləri və onların regional təhlükəsizlik mühitinə təsiri müzakirə olunan əsas məsələlərdəndir.
Mövzu ilə bağlı hərbi ekspert Telman Qasımov Crossmedia.az-a açıqlama verib:
"Azərbaycanın müdafiə sənayesi yarandığı gündən etibarən strateji baxımdan yaxın münasibətlərdə olduğu dövlətlərlə əməkdaşlıq daim prioritet olub və bu proses bu gün də davam edir.

Qazaxıstan kiçik dövlət deyil, böyük potensiala malikdir və onun hərbi sənayesi kifayət qədər inkişaf edib. Bu baxımdan əməkdaşlıq təkcə Qazaxıstanla məhdudlaşmır — Pakistan, Belarus və xüsusilə, Türkiyə ilə də geniş hərbi-sənaye əməkdaşlığı mövcuddur.
Türkiyə ilə birgə hərbi sursat və məhsullar istehsal olunur, bu məhsullar həm daxili bazar, həm də ixrac üçün nəzərdə tutulur.
Qazaxıstanın hərbi sənaye potensialı kifayət qədər yüksəkdir və gələcəkdə bu sahədə böyük inkişaf perspektivləri mövcuddur. Eyni zamanda, Qazaxıstanın müdafiə və təhlükəsizlik sahəsində Çin ilə əməkdaşlığı və aldığı dəstək də bu inkişafı gücləndirən amillərdəndir.
Üstəlik, Qazaxıstan qardaş dövlətlərdən biri kimi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Bu çərçivədə mütəxəssislərin və texnoloqların təcrübə mübadiləsi, qarşılıqlı səfərlər, birgə layihələrin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Regionda və dünyada baş verən siyasi proseslər fonunda hərbi sənayenin inkişafı dövlətlərin təhlükəsizliyinin təmin olunmasında əsas faktorlardan biridir. Hər hansı bir dövlətin güclü sənaye potensialına malik olması onun sərhədlərinin və xalqının təhlükəsizliyinin daha möhkəm qorunmasına şərait yaradır".
Ekspert qeyd edib ki, son illərdə Azərbaycan öz milli müdafiə sənayesi brendini formalaşdırmağa nail olub:
"Bunu son hərbi paradlarda nümayiş etdirilən yerli istehsal hərbi texnika və sursatlar da açıq şəkildə göstərir. Gələcəkdə keçiriləcək hərbi paradlarda Azərbaycan və Qazaxıstanın birgə istehsal etdiyi hərbi texnika və sursatların nümayiş etdirilməsi ehtimalı yüksəkdir.
Bu məhsulların hər iki ölkənin ordusunun arsenalında yer alması da gözlənilir. Hazırda bu istiqamətdə atılan addımlar ilkin mərhələdədir və proses yeni başlayıb.
Buna görə də konkret nəticələr barədə geniş danışmaq hələ tezdir. Lakin hər iki dövlətin bu sahədə kifayət qədər təcrübəyə malik olduğunu nəzərə alsaq, yaxın zamanda müsbət nəticələrin şahidi olacağımız ehtimalı böyükdür.
Ümid edək ki, hər iki ölkənin müdafiə sənayesində çalışan mütəxəssislər və əməkdaşlar qarşıya qoyulan məqsədlərə uğurla nail olacaq və gələcək hərbi paradlarda birgə istehsal olunan yeni texnika, sursat və sistemləri görmək mümkün olacaq. Bu istiqamətdə çalışan hər kəsə uğurlar arzulamaq olar".
Ayhan
16:35 20.04.2026
Oxunuş sayı: 273