Kahramanmaraş faciəsi ilə bağlı psixoloqdan sərt açıqlama: "Bu, illərlə yığılan prosesdir"
Türkiyənin Kahramanmaraş bölgəsində baş verən və məktəbdə silahlı hücumla nəticələnən faciə ölkədə geniş rezonans doğurub.
İlkin məlumatlara görə, hadisə zamanı bir şagird atasına məxsus silahla məktəbə daxil olaraq bir neçə nəfərin ölümünə, çoxsaylı yaralanmalara səbəb olub.
Hadisənin ardınca təhlükəsizlik zəiflikləri və ailədaxili nəzarət mexanizmləri ciddi şəkildə sual altına alınıb. Cəmiyyət daxilində isə yeniyetmələrin aqressiv davranışlarına təsir edən amillər yenidən gündəmə gəlib.
Xüsusilə bəzi ekspertlər sosial şəbəkələr, zorakı məzmunlu oyunlar və serialların yeniyetmələr üzərində potensial təsirini müzakirə edirlər. Hadisə həm Türkiyədə, həm də regionda məktəb təhlükəsizliyi ilə bağlı yeni debatlara yol açıb.
İngla Kids and Preschoolun direktor müavini, uşaq və yeniyetmə psixoloqu Aysu Həsənova Crossmedia.az-a açıqlama verib:

"Bu hadisəni yalnız oyunlar və ya seriallarla izah etmək düzgün yanaşma deyil. Bu, çox daha dərin və bir neçə faktorun birləşməsi nəticəsində baş verən ağır bir psixoloji prosesdir. Açıq şəkildə görünür ki, burada tək səbəb yoxdur, amma bir-birini gücləndirən amillər var.
Bu uşaq uzun müddət normal sosial mühitdən uzaq qalıb. Məktəbə davamlı getməməsi, pandemiya və digər səbəblərlə evdə qalması onun sosial bacarıqlarının formalaşmasına mane olub. Dost çevrəsinin çox zəif olması, özünü ifadə edə biləcəyi bir mühitin olmaması uşağın daxilində yığılan gərginliyi artırır.
Belə uşaqlar çox vaxt öz dünyalarına çəkilir və real həyatda tapa bilmədikləri hissləri başqa yerlərdə axtarmağa başlayırlar.Digər tərəfdən, ailə daxilində silahların olması çox ciddi risk faktorudur.
Uşaq sadəcə maraq göstərməklə qalmayıb, artıq silaha toxunub, istifadə edib, atəş açıb. Bu, onun üçün silahı adi bir şeyə çevirir. Halbuki bu yaşda uşaq üçün silah yalnız təhlükə kimi qalmalıdır".
Psixoloq qeyd edib ki, əlçatan olan hər şey, xüsusilə də belə təhlükəli vasitələr, emosional olaraq stabil olmayan bir uşaq üçün çox böyük risk yaradır:
"Atanın dediyi kimi uşağın duyğuları çox dəyişkən olub, bəzən aqressiv reaksiyalar verib, sosial uyğunlaşma ilə bağlı çətinliklər yaşayıb. Üstəlik, psixoloq tərəfindən də gələcəkdə daha ciddi problemlərin yarana biləcəyi qeyd olunub.
Bu artıq xəbərdarlıq siqnalıdır. Amma görünür ki, bu siqnallar kifayət qədər ciddiyə alınmayıb və davamlı nəzarət və dəstək təmin olunmayıb. Oyunlar və seriallara gəlincə, bəli, onların təsiri var. Amma bu təsir birbaşa deyil. Yəni hər oyun oynayan uşaq bu cür davranış göstərmir.
Problem ondadır ki, belə məzmunlar uşağın düşüncəsində zorakılığı adiləşdirə bilir. Xüsusilə də, artıq daxilində gərginlik, aqressiya və tənha qalma hissi olan uşaq üçün bu məzmunlar bir növ çıxış yolu kimi görünə bilər.
Orada gördüyü davranışları real həyatla qarışdırmağa başlayır və güc nümayişini həll yolu kimi qəbul edir.Burada ən vacib məsələ uşağın daxili vəziyyətidir. Uşaq nə hiss edir, nə yaşayır, nəyi ifadə edə bilmir və əsas sual da budur.
Əgər bu hisslər vaxtında görülmürsə, uşaq bunu başqa yollarla göstərməyə başlayır. Bəzən bu yollar çox təhlükəli olur. Bu hadisə bizə bir şeyi açıq şəkildə göstərir ki, uşaqlara sadəcə nə etdiklərinə görə yox, nə hiss etdiklərinə görə diqqət yetirmək lazımdır. Onların həyatında nə baş verdiyini izləmək, texnologiya istifadəsinə nəzarət etmək, ən əsası isə onlarla real emosional əlaqə qurmaq vacibdir. Çünki problem nə oyundur, nə də təkcə ailədir. Problem o vaxt yaranır ki, uşaq öz daxilində tək qalır və heç kim bunu fərq etmir".
Fatimə Məmmədova
11:50 17.04.2026
Oxunuş sayı: 69