Şuşa – mədəniyyətin diplomatiyaya çevrildiyi məkan
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa beynəlxalq əməkdaşlıq müstəvisində yeni təşəbbüslərlə diqqət mərkəzinə çıxır.
Şəhərin bərpası və yenidən qurulması prosesi ilə paralel olaraq, onun dünya şəhərləri ilə əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar müzakirə olunur. Bu kontekstdə, Şuşanın İndoneziya şəhərlərindən biri ilə qardaşlaşması təşəbbüsü iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi baxımından əhəmiyyətli perspektiv kimi qiymətləndirilir.
Mövzu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov ilə İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi arasında keçirilən görüşdə gündəmə gətirilib.
Görüş zamanı Şuşada aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, şəhərin tarixi-memarlıq simasının qorunması və əhalinin mərhələli şəkildə geri qayıdışı barədə ətraflı məlumat verilib, eyni zamanda gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Tural Gəncəliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azərbaycan-İndoneziya münasibətləri çərçivəsində bir sıra mühüm məsələlərə toxunmaq mümkündür. Xüsusilə, Azərbaycanın Qarabağ bölgəsində yerləşən şəhərlərlə İndoneziya şəhərləri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulması perspektivi diqqətəlayiqdir.
Bu kontekstdə yaxın günlərdə ölkəmizdə keçiriləcək beynəlxalq şəhərsalma forumu da münasibətlərin inkişafı baxımından əhəmiyyətli platforma kimi çıxış edir.
Azərbaycan və İndoneziya münasibətlərinin əhəmiyyəti bir neçə əsas amillə izah olunur. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Avrasiya məkanında, xüsusilə Xəzər hövzəsi və Cənubi Qafqaz regionunda aparıcı mövqeyə malik ölkədir.
Digər tərəfdən, İndoneziya coğrafi baxımdan uzaq yerləşsə də, mühüm strateji və geosiyasi əhəmiyyətə malik tərəfdaşdır.
İndoneziya, təxminən 280 milyondan artıq əhalisi ilə müsəlman dünyasının ən böyük ölkəsidir. Onun coğrafi mövqeyi də xüsusi diqqətə layiqdir.
Cənub-Şərqi Asiyada yerləşən bu ölkə Hind okeanı ilə Sakit okean hövzəsini birləşdirən mühüm geostrateji nöqtədə yerləşir. Bu xüsusiyyətinə görə İndoneziya qitələrarası əlaqələrin təmin edilməsində mühüm rol oynayır.
Oxşar şəkildə, Azərbaycan da Avropa ilə Asiyanı, eləcə də şimal və cənub istiqamətlərini birləşdirən əsas nəqliyyat və kommunikasiya qovşaqlarından biridir.
Orta dəhlizin ölkəmizdən keçməsi və gələcəkdə Zəngəzur dəhlizinin açılması Azərbaycanın beynəlxalq nəqliyyat habına çevrilməsi perspektivini daha da gücləndirir.
İndoneziyanın yerləşdiyi ərazi isə Malakka boğazına yaxınlığı ilə seçilir. Malakka boğazı dünya üzrə şərqdən qərbə uzanan dəniz daşımalarının əsas keçid nöqtələrindən biridir. Mövcud geosiyasi risklər – xüsusilə Hörmüz və Bab əl-Məndəb boğazlarında müşahidə olunan qeyri-sabitlik fonunda Malakka boğazının əhəmiyyəti daha da artır. Bu baxımdan, Malakka boğazını strateji əhəmiyyətinə görə Orta dəhliz və Zəngəzur dəhlizi ilə müqayisə etmək mümkündür.
Tarixi və siyasi aspektdən yanaşdıqda, İndoneziya Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olmuşdur. Təxminən 20 il əvvəl Azərbaycanın Cənub-Şərqi Asiyada ilk diplomatik nümayəndəliyi məhz İndoneziyanın paytaxtı Cakarta şəhərində açılmışdır ki, bu da münasibətlərin erkən dövrdən yüksək səviyyədə qurulduğunu göstərir.
İndoneziya Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş, Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımış və bu mövqeyini beynəlxalq platformalarda ardıcıl şəkildə ifadə etmişdir. Xüsusilə BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində iki ölkə arasında səmərəli əməkdaşlıq mövcuddur.
İndoneziya, həmçinin, 17 mindən artıq adadan ibarət böyük arxipelaq dövləti olmaqla yanaşı, alternativ və yaşıl enerji sahəsində geniş potensiala malikdir. Azərbaycan da ənənəvi enerji istehsalçısı olmaqla yanaşı, yaşıl enerji strategiyasına xüsusi önəm verir. Bu istiqamətdə iki ölkə arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir.
Bununla yanaşı, mədəni və humanitar əlaqələrin inkişafı da xüsusi əhəmiyyət daşıyır. Gələcəkdə Azərbaycan və İndoneziya şəhərləri, xüsusilə Qarabağ bölgəsində yerləşən şəhərlər ilə İndoneziya şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə xidmət edə bilər.
Nəticə etibarilə, Azərbaycan və İndoneziya həm coğrafi mövqelərinə, həm də geosiyasi imkanlarına görə beynəlxalq nəqliyyat və ticarət marşrutlarında açar rol oynayan ölkələrdir. Azərbaycan üçün İndoneziya Cənub-Şərqi Asiya və Hind-Sakit okean regionuna çıxış imkanı yaradırsa, İndoneziya üçün Azərbaycan Avropa istiqamətinə, xüsusilə Orta dəhliz vasitəsilə çıxış baxımından mühüm tərəfdaşdır.
Bu baxımdan, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi həm regional, həm də qlobal miqyasda qarşılıqlı fayda gətirə biləcək strateji istiqamət kimi qiymətləndirilə bilər".
Elmir Heydərli
17:40 16.04.2026
Oxunuş sayı: 228