Azərbaycanda borclanma hansı səviyyədədi? - kredit götürmək nə vaxt riskə çevrilir?
Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyindən verilən açıqlamada ölkədə borclanma siyasətinin daha çox “sağlam maliyyə intizamı” prinsipi üzərində qurulduğu vurğulanıb.
Qurumun baş direktoru Şahin Mahmudzadə bildirib ki, əsas məqsəd borclanmanı azaltmaq deyil, insanların yalnız ödəyə biləcəkləri hədd daxilində kredit götürməsini təmin etməkdir.
Onun sözlərinə görə, Azərbaycanda kreditləşmə hazırda nəzarət olunan çərçivədədir və əhalinin həddindən artıq borclanması müşahidə olunmur.
AMB rəsmisi əlavə edib ki, tətbiq edilən bütün maliyyə alətləri və tənzimləmə mexanizmləri məhz borclanmanın sağlam əsaslarla və riskləri minimuma endirməklə həyata keçirilməsinə yönəlib.
Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Əslində isə məsələ ondan ibarətdir ki, maliyyə bazarlarına nəzarət edən qurum hesab edir ki, vətəndaşlar yalnız öz alıcılıq qabiliyyətlərinə, gəlirlərinə, maliyyə imkanlarına və borcu qaytarma potensialına uyğun şəkildə borclanmalıdırlar.
Bu həddən artıq borclanma isə istər fərdi, istərsə də sistem səviyyəsində müəyyən risklər yaradır. Bu yanaşma tamamilə əsaslıdır. Çünki bank sektoru üçün ən böyük təhlükələrdən biri məhz izafi borclanmanın iqtisadi dalğalanmalar və ya durğunluq dövrlərində yaratdığı risklərdir.
Belə hallarda kreditlərin geri qaytarılmasında problemlər artır, toksik aktivlərin həcmi genişlənir və nəticə etibarilə maliyyə sistemində tarazlıq pozula, hətta ciddi zərərlər formalaşa bilər.
Azərbaycanda bu məsələyə bir neçə aspektdən yanaşmaq məqsədəuyğundur.
Ümumi yanaşmaya görə, əhalinin borc yükü ümumi daxili məhsulun (ÜDM) 40%-dən aşağı olduqda bu, ciddi risk hesab edilmir.
Əgər bu göstərici 70%-ə yaxınlaşırsa, artıq orta riskli zona kimi qiymətləndirilir. Azərbaycanda isə əhalinin ümumi borc yükünü tam dəqiqliklə müəyyən etmək çətindir.
Bunun əsas səbəbi qeyri-rəsmi borclanma formalarının – o cümlədən, sələm və digər qeyri-institusional kredit münasibətlərinin – statistikaya tam daxil edilməməsidir.
Bununla belə, rəsmi mənbələr – yəni banklar, bank olmayan kredit təşkilatları və pərakəndə ticarət subyektləri vasitəsilə formalaşan borclanma səviyyəsi hazırda təhlükəli həddi aşmır və ÜDM-in 40%-lik sərhədindən aşağı qalır.
Bu baxımdan, mövcud mərhələdə sistemli risklərdən danışmaq əsaslı görünmür. Lakin məsələnin digər tərəfi də nəzərə alınmalıdır.
Son dövrlərdə borclanma tempinin artması müşahidə olunur. Bu dinamika müəyyən sosial-iqtisadi siqnal kimi qiymətləndirilə bilər.
Belə ki, inflyasiya proseslərinin sürətlənməsi, əhalinin alıcılıq qabiliyyətində yaranan təzyiqlər, eyni zamanda maliyyə məhsullarının çeşidinin və əlçatanlığının artması borclanmaya marağı yüksəldən əsas amillərdir. Bu isə müəyyən risklər üçün zəmin yarada bilər.
Xüsusilə, məsuliyyətsiz borclanma meyllərinin güclənməsi gələcəkdə bank sektoru üçün potensial təhlükə mənbəyinə çevrilə bilər.
Bu səbəbdən belə proseslərin davamlı nəzarətdə saxlanılması və qabaqlayıcı tədbirlərin görülməsi zəruridir. Görünən odur ki, tənzimləyici qurumun diqqət çəkmək istədiyi əsas məqamlar da məhz bu istiqamətlərlə bağlıdır.
Ümumilikdə, beynəlxalq təcrübəyə əsasən qəbul olunmuş yanaşma ondan ibarətdir ki, əgər ailə təsərrüfatının borc yükü onun gəlirlərinin 40%-ni aşmırsa, bu, idarəolunan və təhlükəsiz səviyyə hesab olunur.
Lakin bu göstərici 60%-dən yuxarı qalxdıqda artıq yüksək risk zonası kimi qiymətləndirilir. Burada gəlirlərin sabitliyi, məşğulluq vəziyyəti və digər iqtisadi amillər də risklərin formalaşmasında mühüm rol oynayır.
Nəticə etibarilə, borclanma prosesinə məhz bu çərçivədə yanaşılması, onun davamlı monitorinqinin aparılması və potensial risklərin qarşısının vaxtında alınması istiqamətində adekvat siyasətin həyata keçirilməsi daha məqsədəuyğun hesab olunur".
Elmir Heydərli
14:40 15.04.2026
Oxunuş sayı: 859