Neft 200 dollara çata bilərmi? - qlobal enerji bazarı risk altında
Qlobal enerji bazarlarında qeyri-müəyyənliyin artdığı bir dövrdə neft qiymətlərinin kəskin yüksəlməsi ehtimalı dünya iqtisadiyyatı üçün əsas risk faktorlarından biri kimi qiymətləndirilir.
Xüsusilə, iri iqtisadi güclər üçün enerji qiymətlərində baş verə biləcək sıçrayışlar həm daxili makroiqtisadi sabitliyə, həm də qlobal bazarlardakı balanslara ciddi təsir göstərmək potensialına malikdir.
Bu baxımdan ABŞ administrasiyasının mümkün risk ssenarilərini əvvəlcədən qiymətləndirməsi və müxtəlif iqtisadi modellər üzərində işləməsi strateji əhəmiyyət daşıyır.
Enerji qiymətlərinin ekstremal səviyyələrə yüksəlməsi ehtimalının təhlili ölkənin iqtisadi təhlükəsizliyinin qorunması, eləcə də, uzunmüddətli geosiyasi və maliyyə risklərinə hazırlığın təmin edilməsi məqsədi ilə həyata keçirilir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Deməli, Bloomberg analitiklərinin proqnozlarına müəyyən şərtlər daxilində etibar etmək olar. Bu şərtlərin başında isə mövcud geosiyasi vəziyyətin davam etməsi və ya daha da kəskinləşməsi dayanır. Burada xüsusilə, ABŞ və İsrailin İranla mümkün hərbi qarşıdurması nəzərdə tutulur.
Nəzərə alsaq ki, artıq təxminən bir aya yaxındır Hörmuz boğazı bağlı vəziyyətdədir və dünya üzrə neft və qaz daşımalarının təxminən 20 faizi məhz bu marşrutdan keçir, bu vəziyyətin uzanması enerji bazarlarına ciddi təsir göstərə bilər.
Əgər bu proses daha bir ay davam edərsə, ehtimal etmək olar ki, neftin qiyməti sürətlə artaraq 200 dollar səviyyəsinə və ya ona yaxın həddə çata bilər.
Bu günə qədər ABŞ öz strateji ehtiyatlarından təxminən 200 milyon barel nefti bazara çıxarıb. Eyni zamanda, Avropada energetika qurumları tərəfindən əlavə olaraq 400 milyon barel neftin bazara yönləndirilməsi qiymətlərin sabitləşdirilməsinə xidmət edir.
Digər ölkələr, xüsusilə Asiya dövlətləri də oxşar addımlar atmağa məcbur qalırlar. Bu istiqamətdə ən böyük potensiala malik ölkələr isə Çin və Yaponiyadır.
Bununla yanaşı, müharibənin yaxın perspektivdə bitəcəyi ilə bağlı aydın bir siqnal yoxdur. ABŞ tərəfindən İranla bağlı irəli sürülən şərtlərin sayı artıq 3-dən 15-ə yüksəlib və İran bu şərtləri qəbul etmir, əksinə, öz tələblərini daha da sərtləşdirir.
Bu tələblər arasında reparasiyalar, iqtisadi ziyanın ödənilməsi və Hörmüz boğazına nəzarətin qanuniləşdirilməsi kimi məsələlər yer alır ki, bunların qəbul olunması real görünmür.
Əgər ABŞ regionda teokratik sistemi qısa müddətdə dəyişmək niyyətindədirsə, bu, yalnız genişmiqyaslı quru əməliyyatları ilə mümkündür. Tarixi müqayisə üçün qeyd edək ki, İraq müharibəsi zamanı ABŞ təxminən 170 min, müttəfiqlərlə birlikdə isə ümumilikdə 200 min əsgərlə əməliyyat aparmışdı. İran kimi daha böyük və hazırlıqlı bir ölkəyə qarşı isə ən azı 600-700 minlik hərbi kontingentin tələb olunacağı ehtimal edilir.
Hazırda isə bölgədə cəmi 15 minə yaxın ABŞ hərbçisinin cəmləşdiyi bildirilir ki, bu da genişmiqyaslı əməliyyat üçün kifayət etmir.
Digər tərəfdən, İranın özü də belə bir ssenariyə hazırlaşır. Açıq mənbələrə əsasən, ölkədə 200 minə yaxın aktiv hərbçi, 400-500 min arası “Bəsic” qüvvələri və ümumilikdə 1,5 milyona qədər hərbi potensial mövcuddur. Son məlumatlara görə isə ölkədə bir milyon nəfərlik əlavə mobilizasiya prosesinə start verilib.
Belə bir şəraitdə ABŞ-ın böyük itkilər riski ilə üzləşməsi qaçılmazdır. Bu isə daxili siyasi müstəvidə ciddi təsirlər yarada bilər. Xüsusilə, ABŞ-da yaxınlaşan Senat və Konqres seçkiləri fonunda hərbi itkilərin artması hakimiyyət üçün mənfi nəticələr doğura bilər.
Bütün bunları nəzərə alaraq demək olar ki, mövcud vəziyyətin yaxın aylarda davam etməsi ehtimalı yüksəkdir və bu, enerji bazarlarında qiymət artımını şərtləndirəcək. Artıq qlobal iqtisadiyyatda stagflyasiya meylləri müşahidə olunur. Stagflyasiya – iqtisadi durğunluqla inflyasiyanın eyni vaxtda baş verməsidir.
Hazırda ABŞ İrana və Rusiyaya müəyyən müddət ərzində neft satışına məhdud icazələr versə də, bu addımlar qlobal tələbi tam şəkildə ödəmək gücündə deyil. Çünki Hörmüz boğazı vasitəsilə daşınan enerji resursları əsasən Asiya ölkələrinin – Çin, Yaponiya, Cənubi Koreya və digər region dövlətlərinin enerji təminatında mühüm rol oynayır.
Sonda bir daha qeyd etmək lazımdır ki, əgər neftin qiyməti bir barel üçün 150 dollar həddini keçərsə, bu, psixoloji baryer rolunu oynayaraq, qlobal inflyasiyanın daha da yüksəlməsinə səbəb olacaq. Təxminən əlavə 3-4 faiz inflyasiya artımı gözlənilə bilər və bu prosesi Qərb ölkələrinin tam nəzarət altına alması çətin görünür.
Ümumilikdə, əgər mövcud münaqişə daha 1-1,5 ay davam edərsə, neftin qiymətinin 150-200 dollar aralığında formalaşması real ssenari kimi qiymətləndirilə bilər".
Elmir Heydərli
10:31 28.03.2026
Oxunuş sayı: 57