Parlament hərəkətə keçdi: Süni intellekt başımıza bəla olacaq?
Milli Məclis tərəfindən süni intellekt texnologiyalarından istifadə sahəsində hüquqi tənzimləmələrin sərtləşdirilməsi istiqamətində atılan addımlar cəmiyyətin diqqət mərkəzinə çevrilib. Xüsusilə, rəqəmsal mühitdə reallığı əks etdirməyən materialların hazırlanması və yayılması ilə bağlı artan risklər fonunda yeni qanunvericilik təşəbbüsü həm hüquqi, həm də etik müstəvidə mühüm əhəmiyyət kəsb edir. Bu dəyişikliklər, texnologiyanın sürətli inkişafı ilə yaranan boşluqların aradan qaldırılmasına yönəlmiş kompleks yanaşmanın tərkib hissəsi kimi qiymətləndirilir.
Təklif olunan düzəlişlərə əsasən, şəxslərin razılığı olmadan onların görüntü və ya səsindən istifadə etməklə saxta məzmun hazırlanması və yayılması artıq ciddi hüquqi məsuliyyət doğuracaq. Qanun layihəsi yalnız cərimə və ictimai işlərlə kifayətlənməyərək, daha ağır hallarda azadlıqdan məhrumetmə cəzalarını da nəzərdə tutur. Bu isə süni intellektin sui-istifadəsinin qarşısını almaq, vətəndaşların şəxsi həyatını və nüfuzunu qorumaq məqsədilə dövlətin qəti mövqeyini ortaya qoyur.
Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun İnformasiya cəmiyyətin fəlsəfi və sosioloji problemləri şöbəsinin müdiri Məhəmməd Cəbrayılov Crossmedia.az-a öz münasibətini bildirib:

"Bu gün müzakirə olunan məsələ süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış materialların yayılmasının tənzimlənməsi ilə bağlı qanunun qəbuludur. Hesab edirəm ki, bu addım həm vacib, həm də zəruridir.
Son illərdə süni intellekt texnologiyalarının sürətli inkişafı informasiya mühitində yeni reallıqlar formalaşdırıb. Bu reallıqlar özünü müxtəlif formalarda göstərir: xarici təsir vasitəsi kimi cəmiyyətin manipulyasiya olunması, ictimai rəyin yönləndirilməsi, vətəndaş–dövlət münasibətlərində gərginlik yaradılması və digər məqsədlər üçün istifadəsi kimi.
Eyni zamanda, insanların hüquqlarına qarşı yönəlmiş, xüsusilə “deepfake” kimi tanınan texnologiyalar vasitəsilə saxta video və səs materiallarının hazırlanması ciddi problemlər yaradır. Bu cür hallar həm ölkədaxili siyasi riskləri artırır, həm də dolayısı ilə milli suverenlik üçün təhlükələr formalaşdırır. Məhz bu baxımdan Azərbaycanda süni intellekt vasitəsilə hazırlanmış materialların yayılmasının hüquqi tənzimlənməsi ilə bağlı qanunun qəbul olunması mühüm əhəmiyyət kəsb edir. Bu qanunun əsas məqsədi dezinformasiyanın qarşısını almaq, vətəndaşların hüquqlarını qorumaq və informasiya təhlükəsizliyini təmin etməkdir.
Qeyd etmək lazımdır ki, oxşar hüquqi mexanizmlər artıq bir çox Avropa ölkələrində və inkişaf etmiş dövlətlərdə mövcuddur. Belə qanunların tətbiqi hüquqi məsuliyyətin formalaşmasına, eləcə də cəmiyyətdə normativ çərçivənin yaranmasına xidmət edir.
Əgər hüquqi tənzimləmə olmazsa, hər hansı şəxs qərəzli münasibətdə olduğu bir insan haqqında süni intellekt vasitəsilə saxta video hazırlaya, onun şəxsiyyətinə, nüfuzuna və mənəvi dəyərlərinə ciddi zərbə vura bilər. Təəssüf ki, bu kimi hallar son dövrlərdə artmaqdadır. Bu baxımdan qanunun qəbulu müəyyən hüquqi çərçivə və məsuliyyət mexanizmi yaradır.
Lakin belə bir sual ortaya çıxır: bu qanun saxta materialların yayılmasının qarşısını tam şəkildə ala biləcəkmi? Düşünürəm ki, bu barədə qəti fikir söyləmək hələ tezdir. Bununla belə, ən azı bu cür fəaliyyətlə məşğul olmaq istəyən şəxslər üçün müəyyən çəkindirici amil formalaşacaq. Onlar atacaqları addımın hüquqi nəticələri, o cümlədən azadlıqdan məhrumetmə kimi cəzalar barədə düşünəcəklər.
Digər tərəfdən, nəzərə almaq lazımdır ki, bu sahədə yalnız hüquqi tənzimləmə kifayət deyil. Çünki TikTok, Facebook və Instagram kimi platformalar xaricdən idarə olunur və istifadəçilər tez-tez anonimlikdən, VPN-lərdən və saxta hesablar vasitəsilə fəaliyyət imkanlarından yararlanırlar. Bu isə hüquq-mühafizə orqanları üçün araşdırma və sübutetmə prosesini çətinləşdirir".
"Buna baxmayaraq, bu qanunun qəbul olunmaması daha böyük boşluq yaradardı. Əksinə, bu addım gecikmiş olsa da, zəruri idi. Gələcəkdə isə bu qanunun daha da təkmilləşdirilməsinə ehtiyac yaranacaq.
Eyni zamanda, hüquqi mexanizmlərlə yanaşı, texnoloji həllər də tətbiq olunmalıdır. Süni intellekt vasitəsilə hazırlanmış saxta materialların aşkar edilməsi, bloklanması və yayılmasının qarşısının alınması üçün müasir texnologiyalardan istifadə edilməlidir.
Nəticə etibarilə, bu qanunun qəbul olunması irəliyə doğru mühüm addımdır və gələcəkdə həm qanunvericilik, həm də texnoloji imkanlar baxımından daha da inkişaf etdirilməsi zəruri olacaqdır", - müsahibimiz əlavə edib.
Elmir Heydərli
15:50 19.03.2026
Oxunuş sayı: 41