Yaxın Şərqdəki vəziyyət ABŞ və Avropanı qarşı- qarşıya qoyur: Tramp hansı addımı atacaq?
ABŞ prezidenti Donald Tramp Avropa ölkələrinin İrana qarşı hərbi əməliyyatı dəstəkləməkdən imtina etməsini kəskin tənqid edib. Onun fikrincə, NATO müttəfiqləri enerji daşıyıcılarının daşınması üçün strateji əhəmiyyətə malik olan Hörmüz boğazının açılmasına kömək etməməklə ciddi səhvə yol veriblər.
Tramp, həmçinin ABŞ-nin NATO-da iştirakını yenidən nəzərdən keçirə biləcəyinə işarə edib və bildirib ki, müttəfiqlərin reaksiyası onların etibarlılığının sınağı olub. Bununla belə, o daha sonra qeyd edib ki, ABŞ müstəqil şəkildə hərəkət etmək gücünə malikdir və alyansın dəstəyinə ehtiyac duymur.

Politoloq, professor Əlimusa İbrahimov Ağ Ev liderinin səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışıb: "Avropa liderləri isə daha ehtiyatlı mövqe tutublar. Böyük Britaniyanın baş naziri Kir Starmer ölkəsinin genişmiqyaslı müharibəyə cəlb olunmaq niyyətində olmadığını bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorius da oxşar mövqe sərgiləyərək bunun Almaniyanın başladığı müharibə olmadığını vurğulayıb.
Bütün bunlar onu göstərir ki, Avropa İttifaqı ABŞ-nin Rusiya -Ukrayna müharibəsində sərgilədiyi davranışa adekvat cavab verir. Məlum olduğu kimi uzun müddət Avropa rəhbərləri ABŞ-ni Ukraynanın yanında olmağa çağırırdılar. Tramp isə deyir ki, "bu, bizim müharibə deyil, bu müharibə Avropanın maraqlarını daha çox ifadə edir". İndi isə Hörmüz boğazında anoloji vəziyyət yaranıb və ABŞ-yə kömək lazımdır. Avropa ölkələri sona qədər Teampın təzyiqləri qarşısında davam gətirə biləcəkmi? Məlum deyil. Avropanın Yaxın Şərqdəki müharibəyə qoşulmaması münaqişənin tez bitməsinə səbəb ola bilər. Yəni, Tramp və İsrail Baş naziri Benyamin Netanyahu İrandakı əməliyyatların onlara çox baha başa gəldiyini görüb hərbi əməliyyatları saxlaya bilərlər.
Belə olan halda Aİ-ABŞ münasibətlərinin gələcək taleyi çox gərgin olacaq. Rusiya-Ukrayna müharibəsində isə yeni vəziyyət ortaya çıxa bilər.
15:42 19.03.2026
Oxunuş sayı: 119