Maliyyə intizamı möhkəmləndirilir- İqtisadçı
Milli Məclis tərəfindən dövlət maliyyə intizamının gücləndirilməsinə yönəlmiş növbəti qanunvericilik təşəbbüsü ictimai müzakirələrin diqqət mərkəzindədir. Dövlət büdcəsinə aid vəsaitlərin təyinatı üzrə istifadə olunmaması halları uzun illərdir aktual problemlərdən biri kimi qalmaqda davam edir və bu sahədə daha sərt və effektiv nəzarət mexanizmlərinin tətbiqi zərurəti getdikcə daha qabarıq şəkildə hiss olunur. Yeni dəyişikliklər məhz bu boşluqları aradan qaldırmağa və məsuliyyət mexanizmini daha da gücləndirməyə hesablanıb.
Təklif edilən yeniliklərə əsasən, cərimələrin məbləğinin konkret aralıqdan çıxarılaraq birbaşa vurulan zərərin həcmi ilə əlaqələndirilməsi məsuliyyətin daha ədalətli və çevik şəkildə tətbiqinə imkan verəcək. Eyni zamanda, vəsaitlərin əhatə dairəsinin genişləndirilməsi və alternativ cəza tədbirlərinin əlavə olunması dövlət resurslarından səmərəli istifadənin təmin olunmasına xidmət edir. Bu yanaşma həm preventiv təsir mexanizmi kimi çıxış edir, həm də maliyyə pozuntularına qarşı hüquqi çərçivəni daha da sərtləşdirir.
Məsələ ilə bağlı iqtisadçı ekspert Eyyub Kərimli Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Bu gün ölkədə genişmiqyaslı islahatlar həyata keçirilir və dövlət xərclərinin daha səmərəli idarə olunması, eləcə də optimallaşdırılması istiqamətində həm Maliyyə Nazirliyi, həm də digər aidiyyəti qurumlar tərəfindən ciddi tədbirlər görülür. Bildiyiniz kimi, Maliyyə Nazirliyinin tabeliyində Maliyyə Monitorinqi Agentliyi yaradılmışdır. Bu isə dövlət vəsaitlərinin istifadəsinə nəzarətin daha da gücləndirilməsinə xidmət edir.
Dövlət xərclərinin düzgün və təyinatı üzrə istifadəsi artıq ciddi nəzarət altına götürülmüşdür. Çünki əvvəlki illərdə dövlət əmlakının mənimsənilməsi ilə yanaşı, onun səmərəsiz istifadəsi hallarına da rast gəlinirdi. Qəbul edilmiş yeni qərarlarda bu kimi hallara yol verən şəxslər üçün 9 000 manatdan 13 000 manatadək cərimələrin tətbiqi nəzərdə tutulmuşdur. Bu qərarın qəbulundan əvvəl isə bəzi hallarda məsuliyyətdən yayınma müşahidə olunurdu.
Həyata keçirilən bu tədbirlər dövlət satınalmalarında məsuliyyət səviyyəsini daha da artıracaq və nəticə etibarilə maliyyə intizamının möhkəmləndirilməsinə, eləcə də səmərəliliyin yüksəldilməsinə ciddi töhfə verəcəkdir".
Elmir Heydərli
15:42 19.03.2026
Oxunuş sayı: 50