MEK-in “Səməd Vurğun elektron bazası” təqdim edilib
Martın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, AMEA-nın həqiqi üzvü Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
Crossmedia.az xəbər verir ki, sessiyada Mərkəzi Elmi Kitabxananın hazırladığı “Səməd Vurğun elektron bazası” təqdim olunub. Layihə haqqında məlumat verən MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov bildirib ki, yeni elektron resursun əsas məqsədi böyük sənətkarın zəngin irsinin geniş auditoriyaya çatdırılmasıdır. Qeyd olunub ki, resursda şairin avtobioqrafiyası, əsərləri və yaradıcılığına dair materiallar, eləcə də müxtəlif illərdə nəşr olunmuş kitabları və onun haqqında elmi ədəbiyyatlar yer alır. Burada həmçinin foto və video materiallar, şeirlərinə bəstələnmiş mahnılar və bəzi film-tamaşalar da təqdim edilir. Hüseyn Hüseynov vurğulayıb ki, elektron baza Mərkəzi Elmi Kitabxananın rəsmi saytına inteqrasiya olunub və istifadəçilər üçün açıqdır. Layihə ilə MEK-in saytının “E-xidmətlər” bölməsinin “E-layihələr” hissəsində tanış olmaq mümkündür. Elektron resursu yüksək dəyərləndirən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli layihənin Səməd Vurğunun ev muzeyində də təqdim olunması barədə MEK rəhbərinə tapşırıq verib.
15:52 19.03.2026
Oxunuş sayı: 57