Televiziya və dil: Monitorinqlər nitqi necə dəyişdirir?
Televiziya məkanında dil məsələsi yenidən diqqət mərkəzindədir.
Audiovizual Şura tərəfindən aparılan monitorinqlərin nəticəsinə görə, telekanal aparıcılarının nitqində istifadə olunan xarici sözlərin sayında azalma müşahidə olunur.
Bu isə efir dilinin daha saflaşdırılması istiqamətində atılan addımların müəyyən nəticə verdiyini göstərir.
Lakin məsələ yalnız statistik azalma ilə bitmir. Doğrudanmı bu dəyişiklik tamaşaçı tərəfindən də hiss olunur?
Efir dilindəki bu transformasiya nə dərəcədə davamlı və keyfiyyətlidir?
Və ən əsası, hələ də gündəlik çıxışlarda yer alan hansı ifadələr var ki, onların istifadəsi məhdudlaşdırılmalı və ya alternativləri təşviq olunmalıdır?
Mövzu ilə bağlı professor Qulu Məhərrəmli Crossmedia.az-a açıqlama verib:

"Əvvəla onu qeyd edim ki, Audiovizual Şuranın telekanallarda davamlı monitorinqlər aparması, xüsusilə, ana dili məsələlərinin və nitqin işlənmə səviyyəsinin öyrənilib qiymətləndirilməsi baxımından olduqca önəmlidir.
Bu monitorinqlər vasitəsilə biz həm də, ekran dilində baş verən prosesləri izləmək imkanı əldə edirik. Əgər əvvəlki dövrlərlə müqayisədə televiziyalarda işlənən alınma sözlərin sayında azalma müşahidə olunursa, yəni kənar leksikadan istifadə zəifləyibsə, bunu müsbət hal kimi qiymətləndirmək olar. Bu, ilk növbədə ictimai qınağın və aparılan monitorinqlərin nəticələrinin müəyyən təsir göstərdiyini deməyə əsas verir. Bu isə, şübhəsiz ki, çox yaxşı tendensiyadır".
Ekspert qeyd edib ki, adətən belə alınma sözlər daha çox aparıcıların, şou proqramlarının təqdimatçılarının, eləcə də verilişlərə dəvət olunan qonaqların nitqində müşahidə olunur:
"Bu da müəyyən mənada başadüşüləndir. Çünki bu tip verilişlərdə çıxışlar çox zaman hazırlıqsız və spontan xarakter daşıyır və hər kəs öz leksik bazasına uyğun şəkildə ifadələrdən istifadə edir.
Lakin görünən odur ki, artıq aparılan monitorinqlər və formalaşan ictimai rəy müəyyən təsir gücünə malikdir və nəticədə bu cür sözlərin istifadəsində azalma müşahidə olunur.
Məsələn, əvvəllər daha çox işlədilən “okey” kimi sözlər və digər oxşar ifadələrin istifadəsinin azalması diqqət çəkir.
Düzdür, bu sözlərin hazırda hansı səviyyədə işlədildiyini daim müşahidə etmək imkanım yoxdur, lakin ümumi azalma tendensiyasını təqdir edirəm.
Hesab edirəm ki, bu hal artıq telekanalların ictimai rəyi və monitorinqlərin nəticələrini nəzərə aldığını göstərir və bunu yalnız müsbət istiqamətdə dəyərləndirmək olar".
Ayhan
14:21 19.03.2026
Oxunuş sayı: 61