Azərbaycan iqtisadiyyatının potensialı ilə real inkişaf dinamikası arasındakı fərq son illər iqtisadi müzakirələrin əsas mövzularından birinə çevrilib. Bu məsələ təkcə ekspert mühitində deyil, dövlət səviyyəsində də etiraf olunur. İqtisadiyyat naziri Mikayıl Cabbarovun ölkənin mövcud iqtisadi artım tempinin potensialı tam əks etdirmədiyini qeyd etməsi göstərir ki, iqtisadi inkişafın keyfiyyəti məsələsi artıq ölkə gündəminin mühüm mövzularından biridir.
Əvvəlki məqalədə də qeyd olunduğu kimi, Azərbaycanın iqtisadi paradoksu böyük maliyyə və resurs potensialının mövcudluğuna baxmayaraq iqtisadi dinamikanın bu imkanlara uyğun səviyyədə formalaşmamasıdır. Bu paradoksun səbəblərini daha dərindən araşdırdıqda isə problemin yalnız iqtisadi strukturla deyil, eyni zamanda iqtisadi idarəetmə mexanizmləri ilə də sıx bağlı olduğu aydın görünür.
Son illərin statistik göstəriciləri göstərir ki, qeyri-neft sektorunun inkişafı sabit və davamlı xarakter daşımır. Qeyri-neft ixracının real artım dinamikası dalğalıdır və bəzi illərdə ciddi azalma müşahidə olunur. Bu isə qeyri-neft sektorunun iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilməsinin hələ baş vermədiyini göstərir.
Beynəlxalq müqayisələr də bu vəziyyəti təsdiqləyir. Adambaşına düşən qeyri-neft ixracı və qeyri-neft ÜDM göstəricilərinə görə Azərbaycan bir sıra region ölkələri ilə müqayisədə daha aşağı mövqedə görünür. Halbuki ölkənin maliyyə imkanları və enerji gəlirləri nəzərə alınarsa, iqtisadiyyatın daha yüksək məhsuldarlıq səviyyəsinə çatması gözlənilirdi.
Bu vəziyyətin səbəblərini izah edən əsas amillərdən biri iqtisadi sistemin institusional quruluşu və idarəetmə modelidir. Müasir iqtisadi nəzəriyyədə qəbul olunur ki, iqtisadi inkişafın əsas determinantlarından biri institusional keyfiyyətdir. Yəni iqtisadi resursların mövcudluğu qədər onların necə idarə olunması, hansı mexanizmlərlə bölüşdürülməsi və iqtisadi qərarların necə qəbul olunması da böyük əhəmiyyət daşıyır.
Azərbaycan iqtisadiyyatında idarəetmə strukturu uzun illər ərzində kifayət qədər mərkəzləşdirilmiş model üzərində qurulub. Bu model müəyyən mərhələlərdə iri infrastruktur layihələrinin sürətlə həyata keçirilməsinə imkan verib və ölkənin iqtisadi modernləşməsi prosesində mühüm rol oynayıb. Son illərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə iqtisadi idarəetmə sistemində islahatlar aparılması, strateji yol xəritələrinin qəbul olunması və yeni institusional mexanizmlərin yaradılması da bu istiqamətdə atılmış addımlar kimi qiymətləndirilə bilər. Bu kontekstdə iqtisadi siyasətin koordinasiyasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının İqtisadi Şurasının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Şura sosial-iqtisadi inkişaf strategiyasının formalaşdırılması, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi və dövlət orqanları arasında koordinasiyanın təmin olunması məqsədilə fəaliyyət göstərən kollegial mexanizm kimi nəzərdə tutulub.
Lakin institusional mexanizmlərin yaradılması ilə onların real iqtisadi nəticələrə çevrilməsi arasında müəyyən vaxt fərqi olur. İqtisadi idarəetmə sistemində əsas məsələ yalnız strukturun mövcudluğu deyil, həmin strukturların effektiv fəaliyyətidir. Bu baxımdan iqtisadi siyasətin icra mərhələsində – xüsusilə iqtisadi blokun fəaliyyətində – koordinasiya və effektivlik məsələləri hələ də iqtisadi dinamikanın əsas məhdudiyyətlərindən biri kimi qalır.
Xüsusilə iqtisadi idarəetmə sistemində funksiyaların həddindən artıq konsentrasiyası diqqət çəkir. İqtisadiyyat Nazirliyi eyni zamanda dövlət əmlakının idarə olunması, dövlət şirkətlərinə nəzarət, investisiya siyasətinin koordinasiyası, sahibkarlığın inkişafı, vergi siyasətinin icrası, ixracın təşviqi və bir sıra digər sahələr üzrə funksiyaları həyata keçirir. Bu qədər geniş funksional yük bir qurumun üzərində cəmləşdikdə iqtisadi siyasətin operativliyi və effektivliyi zəifləyə bilər.
İdarəetmə nəzəriyyəsində belə vəziyyətlər “institusional overload” – yəni funksional yüklənmə kimi izah olunur. Bu zaman bir qurumun üzərinə çoxsaylı və müxtəlif xarakterli funksiyalar düşür və nəticədə qərarvermə prosesi ləngiyir, prioritetlərin müəyyənləşdirilməsi çətinləşir və iqtisadi siyasətin nəticəliliyi azalır.
İqtisadi imkanlara çıxışın məhdudluğu da bu kontekstdə mühüm rol oynayır. Sağlam rəqabət mühiti olmayan iqtisadi sistemlərdə kapital və investisiyalar əsasən müəyyən sektorlar və ya iqtisadi qruplar daxilində cəmləşir. Bu isə yeni biznes təşəbbüslərinin formalaşmasını və iqtisadi aktivliyin genişlənməsini çətinləşdirir.
Müasir iqtisadi inkişaf təcrübəsi göstərir ki, iqtisadi transformasiya yalnız maliyyə resurslarının mövcudluğu ilə baş vermir. Əsas məsələ institusional mühitin necə formalaşdırılması, iqtisadi təşəbbüslər üçün necə imkanlar yaradılması və dövlət idarəetməsinin iqtisadi dinamikanı necə stimullaşdırmasıdır.
Azərbaycanın iqtisadi potensialı hələ də kifayət qədər böyük olaraq qalır. Enerji resursları, tranzit imkanları, maliyyə ehtiyatları və insan kapitalı ölkənin inkişafı üçün ciddi baza yaradır. Lakin bu potensialın real iqtisadi nəticələrə çevrilməsi üçün iqtisadi idarəetmə modelinin daha çevik, daha koordinasiyalı və daha effektiv institusional mexanizmlər üzərində qurulması mühüm əhəmiyyət kəsb edir.