İynə vurularkən nələrə diqqət edilməlidir? - Həkim açıqladı
Səhiyyə sistemində ən çox narahatlıq doğuran məqamlardan biri də inyeksiya (iynə vurulması) kimi sadə görünən tibbi prosedurlardan dərhal sonra baş verən qəfil ölüm hallarıdır. Bu cür hadisələr cəmiyyətdə ciddi rezonans doğurmaqla yanaşı, həm də tibbi təhlükəsizlik və diaqnostika prosesləri ilə bağlı vacib sualları gündəmə gətirir.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, bu cür qəfil ölüm halları bütün dünyada məhkəmə-tibbi ekspertizasının predmetidir və mütləq şəkildə araşdırılmalıdır: "İstər evdə, istər xəstəxanada, istərsə də digər şəraitdə baş verən qəfil ölümlərdə əsas məsələ ölümün səbəbinin dəqiqləşdirilməsidir. Belə hallarda meyit mütləq autopsiya olunmalı, ölümün səbəbi müəyyən edilməli və yalnız bundan sonra rəy verilməlidir, təəssüf ki, bir çox hallarda autopsiyadan yayınma müşahidə olunur və bu da konkret nəticə çıxarmağa imkan vermir".
İynə vurulduqdan sonra baş verən ölüm hadisəsinin birbaşa həmin preparatın təsiri ilə bağlı ola biləcəyini qeyd edən A. Qeybulla bildirib ki, bəzən bu hadisənin inyeksiya ilə heç bir əlaqəsi olmaya da bilər: "Bunu dəqiq müəyyən etmək üçün isə mütləq ekspertiza aparılmalıdır. Belə hallarda ilkin olaraq səsləndirilən fikirlər daha çox ehtimal xarakteri daşıyır və yalnız tibbi araşdırmalardan sonra konkret nəticəyə gəlmək mümkündür".
Nigar Yahyazadə
17:20 18.03.2026
Oxunuş sayı: 698