Milli ənənələr və Novruz bayramı: Gənc nəsildə mədəni yaddaşın qorunması vacibdir
Novruz bayramı Azərbaycanın ən qədim və zəngin ənənələrə malik milli bayramlarından biridir. Bu bayram əsrlərdir xalqımız tərəfindən müxtəlif adət-ənənələrlə qeyd olunur.
Novruz insanların birlik və həmrəyliyini, milli-mənəvi dəyərlərə bağlılığını ifadə edir. Lakin son illərdə bəzi insanlar bu qədim adət-ənənələrə əvvəlki qədər diqqət göstərmir.
Buna baxmayaraq, Novruz bayramı xalqın yaddaşında öz xüsusi yerini qoruyub saxlayır.
Sosioloq, Naib Niftəliyev unudulan adət-ənənələr barədə Crossmedia.az-a danışıb:

"Ümumiyyətlə, milli dəyərlərə qayıdış hər bir cəmiyyət üçün çox vacib məsələlərdən biridir və müstəqilliyimizin keçən 30 ildən artıq dövründə biz bu prosesin irəliyə doğru müəyyən irəliləyişini görmüşük. Amma son illərdə bəzi geriləmələr də var. Sanki biz dəyərlərimizi bir tərəfdən qəbul edirik, digər tərəfdən isə onları hədəfə çeviririk. Bu istiqamətdə cəmiyyətdə müəyyən tənqidi yanaşmalar və ifrat münasibətlər artır.
Bu, bəzi yazıçıların, ziyalıların və cəmiyyətin müəyyən fəal tənqidi kütləsinin timsalında ortaya çıxan mübahisəli faktorlardan biridir. Tənqid vacibdir və lazımdır, amma sağlam tənqid çox önəmli olmalıdır. Zamanında Mirzə Cəlil, Mirzə Fətəli Axundov və digər ziyalılarımız bu istiqamətdə mühüm tənqidi addımlar atıblar və fikirlər söyləyiblər. Amma dəyərlərin təhqir olunmasını heç vaxt qəbul etmək mümkün deyil.
Novruz bütün tənqidləri üstələyən və etnomədəni xüsusiyyətləri Azərbaycan mentalitetinin özəl yaddaşını özündə daşıyan bir bayramdır. Adından da bəlli olduğu kimi, Novruz “yeni gün” mənasını verir. Bu bayram bütün türk ölkələrində, müsəlman dünyasında və hətta digər bölgələrdə Novruz kimi qeyd edilir.
Belə ki, bu həm də milli-mədəni həmrəyliyin və cəmiyyətin multikultural birgəliyinin nümunəsi kimi başa düşülə bilər. Bu bayram bizim olduğu qədər bizə yaxın və doğma olan xalqların, millətlərin də qeyd etdiyi xüsusi bir bayramdır və sədası bütün türk dünyasını, müsəlman əhalisini əhatə edir".
Sosioloqun fikrincə, dəyərlər sadəcə unudulmur, yaddaşlarda yaşayır. Amma bəzən gündəlik həyatın sürəti, müxtəlif problemlər və qayğılar səbəbindən onlara müraciət azalır:
"Bu səbəbdən də müəyyən problemlər və çətinliklər yaranır. Dəyərlərimizi bilirik, amma hər zaman onlara lazım olan dəyəri vermirik. Ənənələrimizi tanıyırıq, lakin bəzən lazımi əhəmiyyət göstərmirik. Novruzu bilirik, görürük, amma əvvəlki ruh və münasibət hər zaman hiss olunmur.
Təbii ki, müəyyən qayğıların, müharibələrin və tarixi dövrlərin də öz təsiri var. Qloballaşma və yeni texnologiyalar fərqli şərtlər diktə edir. Amma bu şərtlər daxilində öz identifikasiyamızı qoruyub saxlamaq, sosial, mədəni və milli eyniləşdirməni davam etdirmək insanların iradəsindən və cəmiyyətin ümumi yanaşmasından asılıdır.
Bu prosesdə media strukturlarının, televiziya və radionun, həmçinin yeni texnologiyaların da böyük rolu var. Hazırda süni intellekt dövründə yaşayırıq. Əgər biz milli dəyərlərimizi qorumaq və inkişaf etdirmək istəyiriksə, düzgün informasiya bazasından istifadə etməklə çox faydalı nəticələr əldə edə bilərik.
Milli geyimlərin, Novruz ənənələrinin yaşadılması, onların dünyaya təbliği çox vacibdir. Novruz artıq beynəlxalq səviyyədə də tanınır və bu bizim milli bayramımız kimi qeyd olunur. Amma bu kifayət deyil. Bu dəyərlərin yeni nəsillərin yaddaşında yaşaması, nəsildən-nəslə ötürülməsi çox önəmlidir.
Qloballaşan dünyada Azərbaycanın qədimliyini və özünəməxsusluğunu göstərən bir mədəni simvol kimi tanınması baxımından bu məsələlər xüsusi əhəmiyyət daşıyır. Şərtlər və vəziyyət dəyişə bilər, amma qərarlar və fəaliyyət nəticələri bizim öz fəallığımızdan asılıdır.
Çalışmalıyıq ki, cəmiyyəti, xüsusilə də yeni nəsli, gəncləri və uşaqları milli hədəflərə köklənmiş şəkildə böyüdək və milli bayramlara həssas münasibət formalaşdıraq. Bu istiqamətdə əsas fəaliyyət hədəfləri müəyyən edilməlidir.
Problemlər var, çətinliklər var, müəyyən geriləmələr də mövcuddur. Bir tərəfdən milli köklərimizə yaxınlaşırıq, digər tərəfdən bəzi vacib ənənələri unuduruq. Bu isə cəmiyyətin müəyyən həssas qruplarında çətinliklər yarada bilər.
Sağlam cəmiyyət və sağlam milli-mədəni inkişaf üçün bu məsələlərə diqqətlə yanaşmaq lazımdır. Bu istiqamətdə dövlət və cəmiyyət müəyyən addımlar atır, amma görünən odur ki, bu hələ kifayət deyil. Bəzi dəyərlərin unudulması və yadlaşması halları müşahidə olunur. Bu baxımdan düşünürəm ki, Mədəniyyət Nazirliyinin xüsusi proqram və platformaları olmalıdır.
Eyni zamanda, Medianın İnkişafı Agentliyi və digər qurumlar da bu istiqamətdə tədqiqatlar aparmalı, media üçün uyğun modellər təqdim etməlidir. Sosial maarifləndirmə və milli-etnomədəni inkişaf modellərinin formalaşdırılması çox vacibdir.
Əslində bu proses çox mürəkkəb deyil, məntiqi və sistemli yanaşma tələb edir. Əgər biz qlobal cəmiyyətdə mövcud olmaq və inkişaf etmək istəyiriksə, bunu milli dəyərlərimiz, milli mənəviyyatımız və ənənələrimiz üzərində qurmalıyıq. Cəmiyyətə ən sağlam, ən doğru və etik olan dəyərləri təqdim etməliyik.
Novruz Azərbaycan mədəniyyətinin və azərbaycançılıq ideyasının mühüm təcəssümüdür".
N.Niftəliyev əlavə edib:
"Mövcud geriləmələr müvəqqətidir. Biz yenidən milli dəyərlərimizə qayıdacaq, onları daha da inkişaf etdirəcəyik və dünyaya daha geniş şəkildə tanıdacağıq. Novruz bundan sonra da azərbaycanlıların yaddaşında mühüm, müsbət motivasiya verən və milli yaddaşı qoruyan əsas bayramlardan biri kimi qalacaq".
16:12 18.03.2026
Oxunuş sayı: 65