BDU-nun xanım tələbələri təşvişdə: Onları şantaj edənlər kimlərdir?
Son günlər sosial şəbəkələrdə Bakı Dövlət Universiteti tələbələrinin şəkillərin yayılması cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Rəqəmsal mühitdə şəxsi həyatın toxunulmazlığının pozulması, insanların razılığı olmadan şəxsi məlumat və görüntülərinin paylaşılması təkcə etik məsələ deyil, həm də sosial, psixoloji və hüquqi nəticələr doğuran bir problemdir. Belə halların gənclərin psixoloji vəziyyətinə necə təsir göstərməsi, sosial təzyiq və ictimai qınağın onların davranışlarına hansı səviyyədə təsir etməsi xüsusilə narahatlıq doğurur. Mütəxəssislər qeyd edirlər ki, kütləvi qınaq və rəqəmsal təqib bəzi hallarda insanları ağır psixoloji vəziyyətə, hətta intihar həddinə qədər aparan təhlükəli nəticələr yarada bilər. Bu baxımdan məsələ yalnız sosial şəbəkə etikası çərçivəsində deyil, həm də psixologiya, sosiologiya və hüquq prizmasından araşdırılmalı olan ciddi bir problem kimi gündəmə gəlir.

Hüquqşünas Ramil Süleymanov məsələ ilə bağlı Crossmedia.az-a açıqlamasında deyib ki, həmin şəxslər əsasən hədə qorxu ilə tələbetmə edir, şantaj edir: "Azərbaycan Respublikasının cinayət məcəlləsinin 182-ci maddəsinə əsasən, eyni zamanda 156-cı maddəyə görə şəxsi həyatın toxunulmazlığı hüququnu pozublar. Həmin hüquqda isə şəxsin razılığı olmadan onun fotoşəkillərinin gizlin götürülməsi və müxtəlif səbəblərdən istifadəsinin qadağası nəzərdə tutulur".

Sosioloq Rəvan Əliyevin sözlərinə görə isə bu kimi halların baş verməsi etik və hüquqi baxımdan arzuolunan deyil: "Hər bir tələbənin şəxsi həyatı və şəxsi məlumatları qorunmalı, sosial mediada məsuliyyətli davranış prinsipləri gözlənilməlidir. Lakin məsələni emosional deyil, sosial baxımdan qiymətləndirmək lazımdır. Bu tip hadisələr müəyyən psixoloji narahatlıq və sosial təzyiq yarada bilər, lakin bunu avtomatik olaraq intihar həddinə çatdıran faktor kimi təqdim etmək düzgün yanaşma deyil".
Sosioloq qeyd edib ki, psixologiyada intihar davranışı adətən bir neçə ciddi amilin – uzunmüddətli psixoloji gərginlik, sosial təcrid, depressiya və şəxsi problemlərin – üst-üstə düşməsi nəticəsində formalaşır: "Təkcə sosial şəbəkədə yayılan görüntülər belə ağır nəticə üçün adətən əsas və yeganə səbəb olmur. Digər tərəfdən, sevindirici haldır ki, məsələyə universitet rəhbərliyi və aidiyyəti qurumlar operativ reaksiya verir. İnstitusional reaksiyanın vaxtında olması bu cür halların böyüməsinin və psixoloji təsirlərinin qarşısını almaqda mühüm rol oynayır. Tələbələr də bilməlidir ki, bu kimi vəziyyətlərdə hüquqi və psixoloji dəstək mexanizmləri mövcuddur".

İKT üzrə mütəxəssis Elvin Abbasov da bu barədə dabışıb: "Bakı Dövlət Universitetindəki yayılan şəkil və videolara münasibətən deyə bilərəm ki, həmin yaranmış situasiya qeyri-peşəkar şəkildə foto və videoların pulsuz platformalarda yaradılmış və çox da şantaj əhəmiyyəti olmayan videolar idi. Yəni baxanda bilinirdi ki, o videolar və fotolar saxtadır, düzəltmədir və süni intellekt məhsuludur. Təbii ki, bunu nəzərə alaraq deyə bilərik ki, bu məsələləri daha da peşəkar səviyyədə edə bilərdilər, büdcə ayıra bilərdilər. Bunun üçün tədbirlər görülməlidir. Təəssüflər olsun ki, bu məsələnin texnoloji həlli yoxdur. Bu etik məsələdir və hüquq mühafizə orqanlarımız mübarizə aparmalı insanları bu tip situasiyalardan çəkindirməlidir. Çünki süni intellekt modelləri hər biri artıq montaja icazə verir. Bunun qarşısını ölkə səviyyəsində almaq da mümkün deyil biz inkişafdan geri qala bilmərik".

Psixoloq Sibel Piriyeva mövzuya münasibət bildirib: "Bu şəxslər çox güman ki, daha əvvəl məktəb vaxtlarında kiməsə zərər verib, xəsarət yetiriblər. Ola bilsin ki, cəza almayıblar və bu tip davranışlara mükafat imiş kimi davam edirlər. Görünür ki, qrup halındadırlar və bu davranışları qrup halında təkrarlaya bilərlər. Digər versiya odur ki, bu şəxsiyyət pozuntusu necə yaranır? "Şəxsiyyət formalaşması 15 yaşda başa çatır: "Belə şəxslər adətən liberal ailələrdən və laqeyd valideyn olan ailələrdən çıxırlar. Digər tərəfdən isə uşağın yaşadığı travmaları nəzərə almaq lazımdır. Uşaqlığına baxmaq lazımdır ki, necə insan olub? Davamlı zərər veribmi? Elədiklərinə görə cəza alıbmı? Bu uşaqlıq travması və ailə dəyərlərindən qaynaqlanır. Şəxsiyyət pozuntularının hamsının bir ortaq xüsusiyyəti var. O da empatiya çatışmamazlığıdır. Bu gün onları sorğulasaq görəcəyik ki, heç biri peşiman deyil. Və deyəcək ki, yaxşı eləmişəm".
Ayhan
15:22 06.03.2026
Oxunuş sayı: 771