Rusiya-Hindistan razılaşması – 3 min hərbçi iddiası nə dərəcədə realdır?
Rusiya və Hindistan arasında imzalanmış yeni razılaşma iki ölkə arasında hərbi və humanitar əməkdaşlığın əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirir.
Sənədə əsasən, tərəflər təbii və texnogen fəlakətlər, fövqəladə hallar, eləcə də sülh və sabitliyin qorunması məqsədilə qarşılıqlı dəstək mexanizmlərini gücləndirmək barədə razılığa gəliblər. Bu anlaşma, həmçinin birgə hərbi təlimlər və operativ yardım fəaliyyətlərini də əhatə edir.
Razılaşmanın diqqətçəkən məqamlarından biri Hindistanın zərurət yarandığı halda Rusiyaya 3000-ə qədər hərbçi, eləcə də hərbi texnika – təyyarə və gəmilər göndərə bilməsidir. Eyni hüquq və öhdəliklər Rusiyaya da şamil olunur. Ev sahibi ölkənin logistik təminatı öz üzərinə götürməsi isə bu əməkdaşlığın praktiki icrasını daha da asanlaşdırır. Rusiya KİV-lərinin məlumatına görə, bu sənəd son illərdə iki ölkə arasında imzalanmış ən genişmiqyaslı razılaşmalardan biri hesab olunur.
Məsələ ilə bağlı konfliktoloq Əlsəfa Mehdi Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Mənə belə gəlir, bu dezinformasiyadır. Bu tip xəbərlərə bir az şübhə ilə yanaşmaq gərəkdir. Hindistandan Rusiyaya 3 min əsgərin göndərilməsi” kimi açıq və təsdiqlənmiş rəsmi məlumat hamıya qəribə gələrdi. Hindistan xarici siyasətində adəti olaraq ehtiyatla davranır. Yəni Hindistanın siyasi tarixində belə hal olmayıb. Ümumiyyətlə, Hindistan savaşçı ölkə deyil. Nəzəri olaraq Hindistan 3 min vətəndaşını başqa torpaqlarda ölməyə yollasaydı... regionda hindistana baxışlar dəyişərdi:
1. Regional narahatlıq artardı
Xüsusilə, Hindistanla dost olmayan Çin, Pakistan; Hələ də Rusiya xofu yaşayan Türküstan ölkələri Hindistana strateji baxışlarını dəyişərdi. Hindistanın Rusiyaya hərbi yardım verməsi regionda güc balansı ilə bağlı düşüncələri itiləyərdi.
2. Regionda geosiyasi bloklaşma ciddiləşərdi
Hindistan belə, özünə xas olmayan addım atsaydı, yaxın ətraf ona münasibətini dəyişərdi, indiyəqədərki müəyyən səviyyədə loyallığını saxlayan Hindistan müəyyən siyasi və iqtisadi təzyiqlərlə üzləşərdi.
3. Diplomatik təzyiqlər və sanksiya riski
NATO və Qərb aktorları Hindistana təzyiq göstərə bilərdi. Bu da iqtisadi və diplomatik münasibətlərə təsir edərdi.
4.Region ölkələri üçün təhlükəsizlik narahatlığı
Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq ölkələri Hindistanla əməkdaşlığa potensial risk kimi baxardı. Böyük güclərin hərbi koordinasiyasında yer almağa çalışardılar.
5. Amma real ehtimal aşağıdır
Hindistan adətən: hərbi müdaxilədən qaçır, balanslı siyasət yürüdür (həm Qərblə, həm Rusiya ilə əlaqə saxlayır)
Ona görə də belə bir addım atması onun uzunmüddətli strategiyasına uyğun gəlmir. Qafqazla münasibətdə isə, Hindistan bizim üçün oyunçu deyil.
Bir sözlə, dünyanın indiki durumunda hamı islanıb.
Rusiya ilə Hindistan arasında 2025-ci ildə imzalanmış, 2026-cı ilin yanvarında qüvvəyə minmiş sazişə əsasən tərəflər qarşılıqlı razılıqla bir-birinin ərazisində öncədən bildiriş və icazə ilə, konkret məqsədlə birgə təlimlər, təlim proqramları, humanitar yardım, fövqəladə halların dəf edilməsi və s. üçün 3000 nəfərə qədər hərbi heyət, 10 hərbi təyyarə, 5 hərbi gəmi yerləşdirilə bilər. Bu xəbər Rusiya hökumətinin rəsmi hüquqi portalında yazılmış sənədə əsaslanır. Orada “bilər” yazılıb. Bu sənəd ona əsas vermir ha, Hindistanın bir alayı gəlib Rusiya tərəfdən Ukrayna ilə döyüşsün".
Elmir Heydərli
14:00 21.04.2026
Oxunuş sayı: 54