Vüqar Rəhimzadə: Azərbaycan-ABŞ münasibətləri strateji xarakter daşıyır
Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu son günlər bir daha özünün aydın ifadəsini tapır. Azərbaycanın 176 ölkədən 57 mindən artıq iştirakçının qatıldığı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ardınca 46 ölkədən 276 şirkəti bir araya gətirən 31-ci Bakı Enerji Həftəsinə ev sahibliyi etməsi ölkəmizin regionda və dünya siyasətində möhkəmlənən mövqeyinin təqdimatında əhəmiyyətli rol oynadı. Bu sırada 28 May-Müstəqillik Günü, həmçinin Bakı Enerji Həftəsi münasibətilə Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubları da özündə mühüm məqamları ehtiva edir. Son hadisələr hazırda yeni mərhələyə daxil olan Azərbaycan-ABŞ münasibətlərinə də işıq saldı. ABŞ Prezidenti Donald Trampın Müstəqillik Günü münasibətilə dövlət başçısı İlham Əliyevə ünvanladığı təbrik məktubunda səsləndirdiyi fikirlər iki ölkə arasında əlaqələrin hazırkı inkişaf səviyyəsinə bir daha aydınlıq gətirdi. “2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilmiş tarixi sülh sammitindən bəri biz münasibətlərimizi yenidən canlandırmaq üçün birlikdə çalışmışıq və bunun nəticəsi olaraq Vitse-prezident Vens 2026-cı il fevralın 10-da Bakıda Sizinlə Strateji Tərəfdaşlıq Xartiyamızı imzalamışdır. Biz regional əlaqələr, iqtisadi münasibətlər və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə tərəfdaşlığımızı daha da dərinləşdiririk və bu istiqamətlərdə, həmçinin digər sahələrdə əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik” qeyd edən ABŞ Prezidenti təbrik məktubunda onu da əlavə edir ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Crossmedia.az-a açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin reallıqları əsasında regionda və dünya siyasətində yaratdığı yeniliklər Azərbaycanın beynəlxalq nüfuzunu, dünyada söz sahibliyini daha da möhkəmləndirir. Dövlət başçısı İlham Əliyevin ötən ilin avqust ayında ABŞ-a işgüzar səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açdı. ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə tarixi sülh razılaşmasının əldə edilməsi, “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması və sair kimi mühüm məqamlar iki ölkənin əlaqələrinin gələcək inkişafının təqdimatı oldu. Həmçinin həmin səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladılar. Prezident İlham Əliyev bu sənədin imzalanması mərasimində qeyd etdi ki, 33 il davam edən sanksiyaların sonu Prezident Trampın sayəsində mümkün oldu. ABŞ Prezidentinin dövlətimizin başçısı İlham Əliyevə “Siz böyük lidersiniz” müraciəti, həmçinin Ağ Evin rəmzi açarını dövlətimizin başçısına təqdim edərək “Mən bunu nadir hallarda təqdim edirəm” söyləməsi Azərbaycanın beynəlxalq aləmdə artan söz sahibliyinin, Prezidentimizə böyük inamın fonunda ABŞ-ın ölkəmizlə əməkdaşlığa nə qədər böyük önəm verdiyini nümayiş etdirdi.
Vüqar Rəhimzadə vurğulayıb ki, tarixi sülh razılaşmasından sonra Azərbaycan-ABŞ münasibətlərində uğurlu inkişaf diqqətdən kənarda qalmır. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində iki ölkə arasında əməkdaşlığın yüksələn xətlə inkişafı göz önündədir. Donald Trampın birinci prezidentliyi dövründə formalaşan qarşılıqlı etimad bu gün ikitərəfli əlaqələrin yeni mərhələyə keçidi üçün əsaslı zəmin rolunu oynayır. Dövlət başçısı İlham Əliyev Prezident seçilməsi münasibətilə Donald Trampa ünvanladığı təbrik məktubunda Azərbaycanın Amerika ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini önə çəkərək onu da qeyd etmişdir ki, biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik.
Millət vəkili bildirib ki, rəsmi Vaşinqton Azərbaycanın regionda və dünya siyasətində rolunu, sülhə, təhlükəsizliyə verdiyi töhfələri, irəli sürdüyü təşəbbüslərini yüksək qiymətləndirir. ABŞ Prezidenti Donald Trampın Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandumu şəxsi qeydi və xoş sözləri ilə birlikdə Prezident İlham Əliyevə xatirə hədiyyəsi olaraq göndərməsi də bunun bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyev 907-ci maddənin dayandırılması müddətinin uzadılması haqqında memorandumla bağlı sosial şəbəkə hesablarında paylaşım etdi. Prezident İlham Əliyev paylaşımda bildirir ki, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandumu şəxsi qeydiniz və xoş sözlərinizlə birlikdə mənə xatirə hədiyyəsi olaraq göndərdiyiniz üçün Sizə səmimi təşəkkürümü bildirmək istəyir, bu diqqətəlayiq jesti yüksək qiymətləndirir və ona böyük ehtiram bəsləyirəm.
Vüqar Rəhimzadə qeyd edib ki, bu ilin fevral ayında ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə rəsmi səfəri də iki ölkənin əməkdaşlıq gündəliyinin zənginliyini nümayiş etdirdi. Səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” imzalandı. Prezident Donald Trampın Bakı Enerji Həftəsinin iştirakçılarına məktubu, ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun Bakı Enerji Forumunun açılışında iştirakı da iki ölkənin münasibətlərinin təqdimatında öz sözünü deyir. Kaleb Orr Bakı Enerji Həftəsindəki çıxışında səsələndirdiyi “Üç onillik ərzində ABŞ və Azərbaycan Respublikası uzunmüddətli tərəfdaşlıq qurmuşdur. Azərbaycan enerji təhlükəsizliyinin irəliyə doğru aparılmasında regionda çox mühüm tərəfdaşdır. Azərbaycan, həmçinin müasir neft sənayesinin beşiyidir. Bizim 30 il öncə imzaladığımız “Əsrin müqaviləsi” bütövlükdə bütün neft və qaz bazarlarında vəziyyəti dəyişdi, bir çox nəsillərə xidmət etdi” fikirləri Azərbaycanın liderliyinə verilən dəyərin aydın ifadəsidir. Cənab Kaleb Orr onu da qeyd etdi ki, Birləşmiş Ştatlar bundan sonra da təbii sərvətlərin hasil olunması və ixrac edilməsi istiqamətində Azərbaycanla əməkdaşlığı davam etdirmək arzusundadır. Donald Trampın təbrik məktubunda isə vurğulanır ki, ölkələrimiz karbohidrogen sektorunda uzun tarixi olan əməkdaşlığa malikdir və əlçatan, zəngin enerjinin təmin edilməsinə sadiqdirlər. Birləşmiş Ştatlar Azərbaycanın neft-qaz sənayesinin çox böyük tərəfdarıdır və mən qətiyyətlə inanıram ki, qlobal enerji təhlükəsizliyi sahəsində əsaslı tərəfdaşlığımızın əhəmiyyəti gələcək illərdə yalnız artacaqdır. Biz Ağ Evdə görüşdüyümüz zaman irəliyə doğru addım atdıq və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli sülhə nail olduq. Regional enerji inteqrasiyası avqustun 8-də keçirilmiş tarixi sülh sammitinin əsas sütunudur. Mənim Administrasiyam bu mövzu ilə əlaqədar iyun ayında məhsuldar müzakirələri səbirsizliklə gözləyir.
Dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində ABŞ Prezidentinin bu məktubuna xüsusi diqqət yönəltdi, enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Donald Trampa təşəkkür etdi. Qeyd etdi ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar. Prezident Tramp bu trendi dəyişdi və bu, həqiqətən əla hadisə oldu, çünki hamımız bilirik ki, hətta bəzi iri neft şirkətləri dırnaqarası müasir trendə uyğun olmaq xatirinə öz adlarını dəyişirdilər. Lakin reallıq tamamilə fərqlidir. Dünya faydalı qazıntı olmadan yaşaya bilməz. Hamımız daha yaxşı iqlimi, planetin qorunmasını istəyirik. Lakin bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq. Düşünürəm, irəliyə doğru aparan yol belədir! Hazırda qlobal enerji səhnəsində baş verən hallar ABŞ Prezidentinin çox müdrik və praqmatik siyasəti sayəsində ərsəyə gəlmişdir.
Millət vəkili bildirib ki, Azərbaycanın ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurasına təsisçi kimi qoşulması da ölkəmizin beynəlxalq miqyasda sülh, dialoq və qarşılıqlı anlaşma dəyərlərinə sadiqliyinin, eyni zamanda, yüksələn xətlə inkişaf etməkdə olan Azərbaycan-ABŞ münasibətlərinin təqdimatı oldu. Bu gün Azərbaycan-ABŞ münasibətləri strateji xarakter daşıyır. Yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan-ABŞ əlaqələrinin bütün sahələrdə uğurlu inkişafı üçün böyük potensial mövcuddur. Strateji Tərəfdaşlıq Xartiyası əməkdaşlığın bütün sahələrdə inkişafına xidmət edir və əlaqələrin gələcək yol xəritəsini müəyyənləşdirir.
16:50 05.06.2026
Oxunuş sayı: 56