Qlobal enerji gündəliyində Azərbaycanın rolu
Müasir dünyada enerji artıq yalnız iqtisadi resurs deyil, dövlətlərin siyasi sabitliyini, milli təhlükəsizliyini və beynəlxalq mövqeyini müəyyən edən əsas strateji amillərdən biridir. Qlobal enerji bazarlarında dalğalanmaların, geosiyasi gərginliklərin və təchizat zəncirində yaranan risklərin artdığı bir dövrdə etibarlı tərəfdaşlıq və şaxələndirilmiş enerji marşrutları xüsusi əhəmiyyət kəsb edir. Belə bir mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan həm enerji istehsalçısı, həm də tranzit ölkə kimi formalaşdırdığı model ilə diqqət mərkəzində dayanır.
Məhz bu kontekstdə 2026-cı il 1 iyun tarixində Bakı Ekspo Mərkəzində keçirilən “Bakı Enerji Həftəsi” yalnız sənaye tədbiri deyil, həm də qlobal enerji siyasətinin müzakirə olunduğu mühüm platforma kimi çıxış etdi. Tədbirin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən fikirlər ölkənin uzun illər ərzində formalaşdırdığı enerji strategiyasının mahiyyətini və gələcəyə hesablanmış baxışını bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışı Azərbaycanın enerji təhlükəsizliyi sahəsində qazandığı nailiyyətləri, beynəlxalq əməkdaşlıq modelini və regiondan kənara uzanan geosiyasi təsir imkanlarını əhatə edən geniş strateji çərçivəni ortaya qoydu.
Qeyd edək ki, bu ilki tədbir ənənəvi şəkildə ölkənin enerji sahəsindəki strateji rolunu daha da önə çıxaran nüfuzlu platforma kimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etdi və açılış nitqi ilə çıxış etdi. Rəsmi mərasimdə əvvəlcə Böyük Britaniyanın “ICA Events Group” şirkətinin İdarə Şurasının müşaviri Thomas Hurd qonaqları salamladı və tədbirin əhəmiyyətini qeyd etdi. Ardından dövlətimizin başçısı tribunaya dəvət olundu və geniş məzmunlu çıxış etdi. Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurları, beynəlxalq əməkdaşlığın gücləndirilməsini və dəyişən dünya enerji dinamikasını əsas mövzular kimi səciyyələndirdi. O, bildirdi ki, Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan ölkədir və enerji siyasəti uzunmüddətli strateji baxışla aparılır.
Bu ilki “Bakı Enerji Həftəsi” yalnız enerji sərgiləri və forumdan ibarət olmaqla qalmayıb, həm də beynəlxalq enerji siyasəti, investisiya dialoqları və innovasiya platforması kimi çıxış etdi. Tədbir dünya enerji ekspertləri, investorlar, hökumət rəsmiləri və sənaye liderləri üçün mühüm fikir mübadiləsi meydanına çevrildi. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan enerji təhlükəsizliyi məsələsinə sistemli və ardıcıl yanaşıb. Ölkə həm enerji istehsalçısı, həm də etibarlı tranzit tərəfdaş kimi regional və qlobal enerji xəritəsində mühüm yer tutub. Onun sözlərinə görə: “Biz bunun üzərində uzun illər çalışmışıq. Biz böyük sərmayələr yatırmışıq…”. Bu sərmayələr təkcə hasilata deyil, həm də genişmiqyaslı infrastruktur layihələrinə yönəldilib. Məqsəd Azərbaycanı beynəlxalq enerji bazarlarına birbaşa çıxışı olan, şaxələndirilmiş ixrac marşrutlarına malik ölkəyə çevirmək idi.
Bakı-Tbilisi-Ceyhan layihəsi təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır. Bu xətt enerji marşrutlarının şaxələndirilməsini təmin etdi. Regional əməkdaşlığı gücləndirdi. Azərbaycanın strateji tərəfdaş kimi rolunu möhkəmləndirdi. Prezident çıxışında Azərbaycanın həyata keçirdiyi ilk və ən mühüm layihələrdən biri olan Bakı-Tbilisi-Ceyhan neft kəməri haqqında danışdı. Bu kəmər Xəzər dənizini ilk dəfə Aralıq dənizi ilə birləşdirərək Azərbaycanın enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün tam müstəqil marşrut yaratdı.
Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan layihələrdən biri də Cənub Qaz Dəhlizi oldu. Dövlət başçısı bu layihəni “günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri” kimi xarakterizə etdi. Cənub Qaz Dəhlizi aşağıdakı əsas komponentlərdən ibarətdir: Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Qaz Kəməri (TAP). Bu sistem ümumilikdə 3500 kilometr uzunluğunda birləşmiş boru xətti şəbəkəsi təşkil edir. Layihənin bir hissəsi yüksək dağlıq ərazilərdən, digər hissəsi isə dənizin dibi ilə keçir. Bu isə mühəndislik və texniki baxımdan olduqca mürəkkəb və innovativ həllərin tətbiqini tələb edib. Prezident vurğuladı ki, bu gün Cənub Qaz Dəhlizi artan sayda ölkələrin enerji təhlükəsizliyini təmin edir. Xüsusilə Avropa üçün alternativ qaz mənbələrinin əhəmiyyəti artdığı bir dövrdə Azərbaycan etibarlı tərəfdaş kimi çıxış edir.Bu layihə enerji təchizatının şaxələndirilməsini təmin edir, tək mənbədən asılılığı azaldır və uzunmüddətli müqavilələr və sabit təchizat mexanizmi yaradır. Dövlət başçısı həmçinin qeyd etdi ki, layihənin uğurla həyata keçirilməsində tərəfdaş ölkələrin və beynəlxalq şirkətlərin rolu böyükdür və Azərbaycan bu əməkdaşlığa görə minnətdardır.
2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər bir daha göstərdi ki, enerji təhlükəsizliyi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Uzun illər ərzində həyata keçirilmiş nəhəng infrastruktur layihələri nəticəsində ölkə regional enerji mərkəzinə çevrilib və bu gün artan sayda ölkənin enerji təminatında mühüm rol oynayır. Azərbaycanın enerji strategiyası gələcəyə hesablanmış, şaxələndirilmiş və beynəlxalq əməkdaşlığa əsaslanan model kimi özünü doğruldur və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verməkdə davam edir. Prezident İlham Əliyevin çıxışı enerji strategiyasının yalnız iqtisadi məqsədlərə yönəlmədiyini, eyni zamanda milli təhlükəsizlik, təhlükəsiz enerji təchizatı və regional liderlik kimi amillərlə əlaqəli olduğunu göstərdi. Çıxış həmçinin Azərbaycanın enerji siyasətinin daha geniş geosiyasi kontekstdə necə formalaşdırıldığını əks etdirdi.
2026-cı il 1 iyun tarixində keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimi Azərbaycan üçün yalnız bir sərgi və forum açılışı olmayıb; bu, ölkənin enerji siyasətinin, beynəlxalq əməkdaşlığının və strateji baxışının nüfuzlu platforma vasitəsilə beynəlxalq ictimaiyyətə təqdim olunması idi. Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji sektorunda uzunmüddətli planlarını və qlobal enerji gündəliyindəki rolunu aydın şəkildə ortaya qoydu
Səadət Məhərrəmova
Bakı Dövlət Universitetinin Fizika fakükəsinin
Astrofizika kafedrasının tədris laboratoriyasının müdiri

12:21 06.06.2026
Oxunuş sayı: 53