“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ailəm – mənim dəyərim” layihəsi yekunlaşır. Layihə çərçivəsində 50 şagirdin iştirakı ilə “Ailəm” adlı bağlanış tədbiri keçirildi. İştiakçılara papka, dəftər, qələm, buklet paylandı.
Crossmedia.az xəbər verir ki, tədbiri layihə rəhbəri Vəfa Xəlilli açıq elan edib, donor, təşkilat və layihənin gedişatı haqqında iştirakçılara məlumat verdi. Qonaqlar Zərdab Gənclər və İdman Sektorunun müdiri Əvəz Soltanov, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Tamara Cəbrayılova, Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşı Azad Kərimov çıxış edib, layihənin əhəmiyyətini vurğuladı və iştirakçılara uğurlar arzuladılar.
Tədbir çərçivəsində şagirdlərin iştirakı ilə ailə dəyərlərinin təbliğinə həsr olunmuş müxtəlif fəaliyyətlər təşkil edilib. Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Tamara xanım şagirdlərlə birlikdə “Xoşbəxt ailənin sirri nədir?” adlı dəyər ağacı hazırlayaraq xoşbəxt ailənin əsas prinsiplərini əks etdiriblər.
Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşı Kamal Xəlilovun təşkilatçılığı ilə keçirilən intellektual yarışda 10 komanda iştirak edib. Gərgin mübarizə şəraitində keçən yarışın sonunda 3 komanda qalib olub və qaliblərə hədiyyələr təqdim olunub. Vəfa Xəlillinin rəhbərliyi ilə isə “Ailəm” adlı rollu oyun-simulyasiya təşkil edilib. Şagirdlər ailə münasibətləri və dəyərləri ilə bağlı sorğu vərəqlərini doldurub, mövzuya uyğun tamaşalar hazırlayaraq təqdim ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə ailə dəyərlərinə hörmət hissinin formalaşdırılması, sağlam ailə münasibətlərinin təşviqi və onların yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi olub.
Görüş iştirakçıları çay süfrəsində müzakirələrinə davam ediblər. Layihənin əsas məqsədi şagirdlərdə ailəyə sevgi, hörmət və birlik kimi dəyərlərin formalaşdırılması, valideyn–övlad münasibətlərinin daha sağlam müstəvidə inkişafına dəstək göstərilməsi və cəmiyyətdə ənənəvi ailə institutunun möhkəmləndirilməsidir.