İdxal asılılığı inflyasiya risklərini artırır - Natiq Cəfərli
Azərbaycanda makroiqtisadi sabitliyin qorunması və qiymətlərin idarəolunan səviyyədə saxlanılması istiqamətində aparılan siyasət çərçivəsində inflyasiya göstəricilərinin orta və uzunmüddətli dövrdə tədricən azalacağı gözlənilir.
Rəsmi proqnozlara əsasən, cari il üzrə baza ssenaridə 5,5 % səviyyəsində nəzərdə tutulan orta illik inflyasiyanın növbəti illərdə mərhələli şəkildə enərək daha sabit diapazona yaxınlaşacağı bildirilir.
Maliyyə Nazirliyinin açıqladığı “2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə qeyd olunduğu kimi, bu dinamika beynəlxalq bazarlarda ərzaq və əmtəə qiymətlərinə dair gözləntilər, milli valyutanın sabitliyi, tənzimlənən tariflərin dəyişməz qalması və həyata keçirilən antiinflyasiya tədbirləri fonunda formalaşdırılıb.
Proqnozlara görə, illik inflyasiya 2027-ci ildə 4,9 %-ə, 2028-2029-cu illərdə 4,7 %-ə enəcək və 2030-cu ildə 4,6 % səviyyəsində qərarlaşacaq.
Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azərbaycanda inflyasiyanın böyük hissəsi idxal inflyasiyası xarakteri daşıyır. Yəni ölkə xarici iqtisadiyyatdan asılıdır və xaricdə qiymət dəyişiklikləri birbaşa olaraq daxili bazara təsir edir. Hökumət də bunu dəfələrlə qeyd edib.
Əgər biz idxaldan ciddi şəkildə asılıyıqsa, o zaman inflyasiyanın 5 faizdən aşağı olacağı ilə bağlı proqnozlar ilk baxışdan sual doğura bilər. Çünki xarici bazarlarda böhran, neft və digər xammal qiymətlərinin artması, eləcə də logistika, tranzit və daşınma xərclərinin yüksəlməsi idxal olunan malların qiymətinə qaçılmaz şəkildə təsir edir.
Bu baxımdan, qiymət artımı müəyyən dərəcədə obyektiv iqtisadi amillərlə izah oluna bilər. Lakin inflyasiya ilə bağlı proqnozların daha dəqiq olması üçün ölkə daxilində qiymət sabitliyinə təsir edən daxili mexanizmlərin rolu da nəzərə alınmalıdır.
Ona görə də bu cür proqnozlara ümumilikdə müsbət siqnal kimi yanaşmaq olar, lakin eyni zamanda mümkün risklər unudulmamalı və müxtəlif ssenarilərə hazır olunmalıdır".
Elmir Heydərli
14:30 21.04.2026
Oxunuş sayı: 71