Ortaq Türk tarixi nə vaxt reallığa çevriləcək?
Bu gün Türk dünyasında ortaq elmi və mədəni irsin sistemli şəkildə araşdırılması və təqdim olunması istiqamətində mühüm təşəbbüslər həyata keçirilir.
Bu təşəbbüslər arasında xüsusi yer tutan layihələrdən biri də ortaq türk tarixinin akademik əsaslarla yazılmasıdır.
Beynəlxalq Türk Akademiyası tərəfindən icra olunan bu layihə türk xalqlarının keçmişini vahid elmi konsepsiya çərçivəsində öyrənmək və gələcək nəsillərə dolğun şəkildə çatdırmaq məqsədi daşıyır.
Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirələrində də vurğulandığı kimi, bu ideyaların əsası hələ Birinci Türkoloji Qurultay zamanı qoyulmuşdur.
Həmin dövrdə dil, terminologiya və ortaq elmi yanaşmaların formalaşdırılması kimi məsələlər geniş müzakirə olunmuş, bu gün həyata keçirilən bir çox layihələr üçün möhkəm zəmin yaratmışdır.
Müasir dövrdə isə bu təşəbbüslər daha da genişləndirilərək türk dünyasının elmi inteqrasiyasına mühüm töhfələr verməkdədir.
Məsələ ilə bağlı Tarix üzrə fəlsəfə doktoru, tarixçi Taleh Cəfərov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Ortaq türk tarixinin yazılması prosesi bu günün məsələsi deyil. Bu istiqamətdə artıq bir neçə ildir ki, müəyyən addımlar atılır və prosesə start verilib. Xüsusilə, qeyd etmək lazımdır ki, bu təşəbbüs əsasən Türkiyə tərəfindən irəli sürülüb. Bununla yanaşı, mövzu ilə bağlı müxtəlif əsərlər və tədqiqatlar da nəşr olunub.
Bir neçə il əvvəl Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə, Bilgəxan Atsız Xocanın redaktorluğu altında altıcildlik “Ortaq Türk tarixi” hazırlanıb. Bu əsər müxtəlif Türk respublikalarından olan tarixçilərin iştirakı ilə ərsəyə gəlib. Azərbaycandan, Türkiyədən, Qırğızıstandan, Özbəkistandan, Türkmənistandan və digər ölkələrdən olan alimlər bu layihədə öz töhfələrini veriblər.
Sözügedən nəşrdə ortaq Türk tarixi əsasən XV-XVI əsrlərə qədər olan dövrü əhatə edir. Lakin bu, daha çox təşəbbüs qrupu çərçivəsində həyata keçirilmiş bir layihə idi. Dövlət səviyyəsində isə bu istiqamətdə proseslər hazırda da davam edir və müəyyən addımlar atılmaqdadır. Bu təşəbbüsün nə zaman tam şəkildə reallaşacağı isə rəsmi qurumların mövqeyindən asılıdır.
Son dövrlərdə Türk Dövlətləri Təşkilatının rəsmi və qeyri-rəsmi tədbirlərində ortaq türk əlifbasının yaradılması və ortaq türk tarixinin yazılması məsələləri tez-tez müzakirə olunur. Xüsusilə, Birinci Türkoloji Qurultayın keçirilməsi bu prosesə əlavə təkan verib və müzakirələrin intensivliyini artırıb.
Hesab etmək olar ki, mövcud dinamika davam edərsə, ortaq Türk tarixinin yazılması real nəticəyə çevrilə bilər. Bu cür fundamental əsər ayrı-ayrı şəxslərin müəllifliyi ilə deyil, bütün Türk dövlətlərini təmsil edən nüfuzlu türkiyoloqların birgə elmi fəaliyyəti nəticəsində ərsəyə gəlməlidir. Bu zaman həm elmi obyektivlik qorunmalı, həm də mübahisəli və ziddiyyətli məqamlar mümkün qədər kənarda saxlanmalıdır.
Nəticə etibarilə, ortaq maraqları və ortaq tarixi əks etdirən geniş və fundamental bir külliyyatın hazırlanması əsas məqsəd kimi qarşıda durur. Bu istiqamətdə dövlət səviyyəsində dəstəyin mövcud olduğu görünür və ehtimal etmək olar ki, 2026-cı il bu prosesin daha da sürətlənməsi baxımından əhəmiyyətli mərhələ olacaq. Türkoloji Qurultayın da məhz bu ilə təsadüf etməsi prosesi daha da intensivləşdirə bilər".
Elmir Heydərli
11:30 20.04.2026
Oxunuş sayı: 25