Ermənistanda seçki öncəsi gərginlik - sülh prosesi risk altına düşə bilərmi?
Ermənistanda yaxınlaşan parlament seçkiləri fonunda siyasi mübarizə kəskinləşir və müxtəlif siyasi qüvvələr arasında qarşılıqlı ittihamlar daha da intensiv xarakter alır.
Hakimiyyət və müxalifət düşərgələri arasında gedən debatlarda xüsusilə xarici siyasət, sülh gündəliyi və Azərbaycanla münasibətlər əsas müzakirə mövzularından birinə çevrilib.
Bu çərçivədə Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan radikal müxalifət qüvvələrini tənqid edərək, onların seçki proqramlarını regionda yeni gərginlik riskləri ilə əlaqələndirib.
O, həmin qüvvələrin Azərbaycanla mümkün sülh prosesinə qarşı çıxdığını iddia edərək, bu yanaşmanın ölkəni yenidən qarşıdurma riskinə sürükləyə biləcəyini bildirib.
Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmmədov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Ümumilikdə qeyd etmək lazımdır ki, Azərbaycan ilə Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb. Doğrudur, sənəd paraflanıb, lakin reallıq bundan ibarətdir ki, rəsmi imzalanma baş tutmayıb və hüquqi baxımdan proses tamamlanmayıb.

Bundan əvvəl, parlament səviyyəsində olmasa da, baş nazir səviyyəsində belə bir bəyanat səsləndirilmişdi ki, əgər Ermənistanda Robert Köçaryan və onun ətrafında birləşmiş müxalif qüvvələr hakimiyyətə gəlsələr, hətta sentyabr ayında yeni müharibə ehtimalı yarana bilər. Bu fikri Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan da açıq şəkildə ifadə etmişdi.
Ermənistan daxilində mövcud vəziyyətə gəldikdə isə, müxalif düşərgənin əsas ideoloji dayağının yenə də Qarabağ məsələsi olduğu müşahidə olunur.
Torpaq iddiaları və “dənizdən dənizə Ermənistan” kimi köhnə şüarlar həmin qüvvələrin cəmiyyətdə dəstək qazanmaq üçün istifadə etdiyi başlıca vasitələrdir.
Bu baxımdan, onların hakimiyyətə gələcəyi təqdirdə Cənubi Qafqazda yenidən gərginliyin artması ehtimalı istisna edilmir.
Bununla yanaşı, hesab edirəm ki, regionda baş verən və gələcəkdə baş verə biləcək proseslər təkcə Azərbaycan və Ermənistandan deyil, daha çox burada maraqları olan böyük güclərdən asılıdır.
ABŞ, Rusiya və Avropa İttifaqı arasında müəyyən uzlaşma əldə olunarsa, hətta Ermənistanda hakimiyyət dəyişikliyi baş versə belə, gərginlik müəyyən səviyyədə qala bilər, lakin genişmiqyaslı müharibə ehtimalı aşağı olar.
Əksinə, əgər xüsusilə ABŞ ilə Rusiya arasında razılaşma əldə olunmasa, regionda yenidən eskalasiya riski arta bilər. Bu halda baş verə biləcək gərginliyin əsas səbəbi də yalnız regional ölkələr deyil, məhz böyük güclər arasındakı geosiyasi qarşıdurma olacaq.
Hazırkı vəziyyətə gəldikdə isə, Azərbaycan və Ermənistan arasında müəyyən iqtisadi təmasların, o cümlədən ticarət dövriyyəsinə dair məlumatların açıqlanması göstərir ki, mövcud hakimiyyətlər münasibətlərin kəskinləşməməsinə çalışırlar. Bununla belə, Ermənistan daxilində baş verə biləcək siyasi dəyişiklikləri diqqətlə izləmək vacibdir".
Elmir Heydərli
12:30 21.04.2026
Oxunuş sayı: 45