Uşaqların şairi, millətin müəllimi, İstiqlalın ilk maarif səfiri - Abdulla Şaiq
Bu gün, 24 fevral Azərbaycan ədəbiyyatının və milli maarif tarixinin görkəmli simalarından biri Abdulla Şaiqin anadan olduğu gündür.
1881-ci ildə Tiflisdə dünyaya gələn Abdulla Axund Mustafa oğlu Talıbzadə sonradan ədəbi aləmdə Abdulla Şaiq imzası ilə tanındı və ömrünü sözə, məktəbə, millətin gələcəyinə həsr etdi.
O, təkcə şair deyildi – dramaturq, nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas və hər şeydən əvvəl müəllim idi. Onun həyatı bir insanın bioqrafiyasından daha çox, bir dövrün maarifçilik tarixidir.
Şaiq ruhani və ziyalı ailəsində böyümüşdü. Atası Axund Mustafa dövrünün tanınmış din xadimlərindən idi və elmə, təhsilə böyük önəm verirdi.

İlk təhsilini Tiflisdə alan Abdulla erkən yaşlarından kitaba və sözə bağlı idi. Sonralar Xorasanda təhsilini davam etdirməsi onun düşüncə dünyasını genişləndirdi.
O, burada məntiq, poetika, tarix, psixologiya, Şərq və rus ədəbiyyatını dərindən öyrəndi. Bu illər onun həm ədəbi zövqünü, həm də gələcək pedaqoji baxışlarını formalaşdırdı.
XX əsrin əvvəllərində Bakı həm siyasi hadisələrin, həm də mədəni oyanışın mərkəzi idi. Şaiq bu şəhərə müəllim olmaq arzusu ilə gəldi. İmtahan verərək, Azərbaycan dili müəllimi hüququ qazandı və pedaqoji fəaliyyətə başladı. Lakin onun müəllimliyi yalnız dərs deməklə məhdudlaşmadı. O, ana dilində təhsilin genişləndirilməsi, yeni üsullu məktəblərin yaradılması və müasir dərsliklərin hazırlanması uğrunda mübarizə aparırdı. Köhnə sxolastik üsullara qarşı çıxaraq, dünyəvi və milli təhsili müdafiə edirdi.
Azərbaycan müəllimlərinin qurultaylarında fəal iştirak edən A.Şaiq ana dili və ədəbiyyatın sistemli şəkildə tədrisi üçün konkret təkliflərlə çıxış etmişdi.
Onun iştirakı ilə hazırlanan “Əlifba”, “Uşaq çeşməyi”, “Gülzar”, “Milli qiraət”, “Türk çələngi”, “Ədəbiyyat” kimi dərsliklər uzun illər məktəblərdə istifadə olundu. Bu kitablar yalnız tədris vəsaiti deyil, milli kimliyin formalaşmasına xidmət edən mənəvi qaynaq idi.

Abdulla Şaiq Azərbaycan uşaq ədəbiyyatının banilərindən sayılır. Onun “Laylay” şeiri ilə başlayan yaradıcılığı qısa müddətdə bütöv bir istiqamətə çevrildi. “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” kimi mənzum nağıllar xalq folklorunun motivlərini müasir ədəbi dil ilə birləşdirirdi. O, uşaqlar üçün yazmağın böyük məsuliyyət olduğunu düşünürdü, çünki gələcəyin vətəndaşı məhz həmin misralarla böyüyürdü.
Şaiqin yaradıcılığı yalnız uşaq poeziyası ilə məhdudlaşmırdı. O, romantik ruhlu şeirlər, hekayələr, povest və romanlar qələmə almışdı. “Köç”, “Məktub yetişmədi”, “Əsrimizin qəhrəmanları” kimi əsərləri milli nəsrin inkişaf mərhələsində mühüm yer tutur.
Dramaturgiya sahəsində yazdığı pyeslər isə milli teatrın formalaşmasına təsir göstərdi. “Gözəl bahar” uşaq teatrının əsasını qoyan əsərlərdən biri hesab olunur.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə A.Şaiq bu hadisəni böyük ümidlə qarşılayan ziyalılardan idi. Milli məktəb modelinin qurulması, təhsilin milliləşdirilməsi və ana dilinin qorunması onun əsas ideyalarından idi.
Mətbuatda çıxış edərək bu məsələlərin əhəmiyyətini vurğulayırdı. Sonrakı sovet dövründə də pedaqoji fəaliyyətini davam etdirdi, “Şaiq Nümunə Məktəbi”nin formalaşmasında mühüm rol oynadı. Bu məktəb milli təhsil tariximizdə xüsusi mərhələ kimi qiymətləndirilir.

O, həm də klassik ədəbiyyatın tədqiqatçısı idi. Nizami, Füzuli, Nəsimi, Vaqif və digər klassiklər haqqında araşdırmalar aparmış, folklor nümunələrinin toplanmasına töhfə vermişdi. Onun ədəbi düşüncəsi həm milli köklərə bağlı, həm də zamanın çağırışlarına açıq idi.
Abdulla Şaiq 1959-cu ildə vəfat etsə də, adı və irsi yaşayır. O, Bakıda Birinci Fəxri Xiyabanda dəfn olunub. Bu gün məktəblərdə, dərsliklərdə, ədəbiyyat tarixində onun izi aydın görünür. Abdulla Şaiq sübut etdi ki, bir müəllim və bir qələm bütöv bir nəslin taleyini dəyişə bilər.
"Bir quru salam"
Qorxma susmağımdan, ay ürək param,
Nəyinə gərəkdir bir quru salam?!
Verməsəm dağılan deyil ki dünyan
Mən ki həsrətinlə hələ ki sağam.
Gülümsə, gözlərin görməsin qəmi,
Unut olanları olmamış kimi.
Daha mən də yoldan ötən bir yadam
Nəyinə gərəkdir bir quru salam?!
Bir sevgi kəlməsi gizlənəcəksə,
Sənə verəcəyim hər salamımda.
Sevgim gizlənməkdən hey bezəcəksə,
Nəyinə gərəkdir bir quru salam?!
Fatimə Məmmədova
10:58 24.02.2026
Oxunuş sayı: 562