Təhsil müəssisələrində vəkilliyə marağı necə artırmaq olar?
Azərbaycanda hüquq sisteminin inkişafı və hüquqi yardımın əlçatanlığının genişləndirilməsi baxımından vəkillik institutunun gücləndirilməsi mühüm prioritetlərdən biri kimi qiymətləndirilir. Bu kontekstdə Vəkillər Kollegiyası tərəfindən həyata keçirilən təşəbbüslər, xüsusilə gənclər arasında vəkillik peşəsinə marağın artırılması istiqamətində görülən işlər hüquqi mühitin institusional inkişafına xidmət edir. Məktəb və universitetlərdə vəkillik peşəsinin təşviqi gələcək hüquqşünas kadrların formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.
VK sədri Anar Bağırov tərəfindən səsləndirilən fikirlər də bu sahədə mövcud problemlərin və perspektivlərin aktuallığını göstərir. Xüsusilə, Azərbaycanda hər 100 min nəfərə düşən vəkillərin sayının Avropa ölkələri ilə müqayisədə aşağı olması hüquq sahəsində kadr potensialının artırılmasını zəruri edən əsas amillərdən biri kimi önə çıxır. Bu baxımdan yeni dərsliklərin hazırlanması, beynəlxalq təcrübənin öyrənilməsi və gənclərin ixtisas üzrə fəaliyyətə yönləndirilməsi vəkillik institutunun gələcək inkişafına töhfə verən mühüm addımlar hesab olunur.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Bu gün Azərbaycanda sürətlə inkişaf edən mühüm peşə institutlarından biri də vəkillik institutudur. Hazırda ölkəmizdə vəkillik peşəsi dinamik şəkildə inkişaf edir və savadlı, yüksək peşəkar vəkillərə böyük ehtiyac duyulur. Müasir dövrdə bu peşənin nüfuzunun və səviyyəsinin yüksəldilməsi, həmçinin vəkillik fəaliyyətinə marağın artırılması qarşımızda duran əsas vəzifələrdən biridir. Bu məsələ həm aktual, həm də strateji əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu istiqamətdə sistemli təbliğat və maarifləndirmə işlərinin aparılması xüsusi önəm kəsb edir. Vəkillik sahəsinə marağın artırılması üçün məqsədyönlü addımlar atılmalı, gənclər arasında bu peşənin əhəmiyyəti geniş şəkildə izah edilməlidir. Bu baxımdan Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən həyata keçirilən tədbirlər mühüm rol oynayır. Bununla yanaşı, əlavə təşviq və inkişaf tədbirlərinin həyata keçirilməsi də xüsusi əhəmiyyətə malikdir. Bu proses davamlı xarakter daşımalı, təbliğat və maraqlandırma tədbirləri ardıcıl şəkildə aparılmalıdır. Yalnız bu halda vəkillik institutunun daha da güclənməsi, möhkəmlənməsi və peşəkar hüquqi mühitin formalaşmasına töhfə verilməsi mümkün olacaqdır".

Təhsil üzrə ekspert Elçin Əfəndi isə Azərbaycan Respublikasında vətəndaş müraciətlərinin araşdırılması, dövlət qurumları ilə görüşlərin təşkili və hüquqi maarifləndirmə istiqamətində keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Bu çərçivədə vətəndaş cəmiyyəti nümayəndələri, hüquqşünaslar və tələbələrin iştirakı ilə dövlət qurumları ilə görüşlər və müsahibələrin təşkili hüquqi biliklərin artırılmasına və vətəndaşların hüquqlarının qorunmasına xidmət edir. Belə görüşlər zamanı vətəndaşların şikayət və müraciətlərinin dinlənilməsi, onların aidiyyəti dövlət orqanlarına yönləndirilməsi və hüquqi prosedurlar barədə izahatların verilməsi əsas məqsədlərdən biri hesab olunur. Xüsusilə ədliyyə orqanlarına edilən müraciətlər, şikayət mexanizmləri və hüquqi müdafiə vasitələri ilə bağlı məlumatlandırma tədbirləri vətəndaşların hüquqi savadlılığının yüksəldilməsində mühüm rol oynayır. Eyni zamanda, hüquqşünasların və vəkillərin iştirakı ilə keçirilən maarifləndirici görüşlər tələbələr üçün də faydalı platforma yaradır. Bu görüşlərdə tələbələrə şikayətlərin düzgün tərtib edilməsi, hüquqi müraciət qaydaları, vəkillik institutunun fəaliyyəti və hüquqi müdafiə yolları barədə ətraflı məlumat verilir. Bu yanaşma gələcək hüquqşünasların praktik biliklərinin formalaşmasına və onların dövlət qurumları ilə işləmə bacarıqlarının inkişafına şərait yaradır. Bundan əlavə, dövlət qurumları ilə keçirilən müsahibə və müsabiqələr gənclərin dövlət idarəçiliyi sahəsinə marağının artırılması, onların peşəkar inkişafının dəstəklənməsi və ictimai proseslərə daha fəal cəlb olunması baxımından da əhəmiyyətlidir. Bu proseslər çərçivəsində tələbələrə hüquqi məsuliyyət, etik davranış, müraciət və şikayət prosedurları, eləcə də vəkillik fəaliyyətinin mahiyyəti izah edilməli və onların bu istiqamətdə maarifləndirilməsi davamlı şəkildə təşkil olunmalıdır. Nəticə etibarilə, vətəndaşlar, hüquqşünaslar, tələbələr və dövlət qurumları arasında təşkil olunan görüşlər və hüquqi maarifləndirmə tədbirləri hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsinə, şikayət mexanizmlərinin daha səmərəli tətbiqinə və cəmiyyətin hüquqi mədəniyyətinin inkişafına mühüm töhfə verir".

Hüquq müdafiəçisi Əliməmməd Nuriyev isə məktəb və universitetlərdə vəkillik peşəsinə marağın artırılması təşəbbüsünün son dövrlərdə tez-tez səsləndirildiyini və bu məsələnin aktuallığının getdikcə daha da artdığını bildirib: "Bu yaxınlarda keçirilən forumda hüquqşünasların iştirakı ilə vəkillik peşəsi ilə bağlı məsələlər geniş müzakirə olundu və hesab edirəm ki, bu yanaşma tamamilə doğru istiqamətə yönəlmiş addımdır. Çünki söhbət təkcə bir peşənin təbliğindən deyil, hüquqi dövlətin gələcək müdafiə sütununun möhkəmləndirilməsindən gedir.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən səsləndirilən təşəbbüs də məhz bu baxımdan diqqətəlayiqdir. Bu təşəbbüs yalnız ideya xarakterli fikir deyil, sistemli yanaşmanın ifadəsi kimi qiymətləndirilə bilər. Çünki məhkəmə sistemi yalnız hakimlərin və qanunların gücü ilə deyil, eyni zamanda güclü müdafiə institutu ilə funksional və ədalətli şəkildə işləyir.
Müdafiə tərəfi zəif olduqda ədalət mexanizminin daxili balansı da zəifləyir. Açıq desək, hüquq təhsilində uzun illər əsas diqqət daha çox dövlət aparatına kadr hazırlığına yönəlmişdir. Bu, müəyyən mənada anlaşılandır. Lakin müdafiə sahəsinin paralel şəkildə gücləndirilməsi ayrıca strateji istiqamət kimi formalaşdırılmadıqda sistemdə balans pozulur. Məhkəmə mübahisə meydanıdır və bu mübahisənin tərəflərindən biri zəifdirsə, sistem formal xarakter daşıya bilər. Reallığı dəyişmək üçün vəkillik peşəsinə maraq erkən mərhələdə formalaşdırılmalıdır. Son illərdə vəkillik sahəsində aparılan islahatlar da göstərir ki, bu istiqamətdə maraq artmaqdadır. Vəkillik imtahanlarına müraciət edən şəxslərin sayının dəfələrlə artması bunun bariz göstəricisidir. Vəkillərin sayı tədricən artır, ölkənin demək olar ki, bütün ərazilərini əhatə edən vəkil büroları yaradılır və genişlənir. Bu proses vəkillik institutunun yalnız kəmiyyət deyil, həm də keyfiyyət baxımından yeni mərhələyə keçdiyini göstərir. Müasir dövrdə vəkillik artıq yalnız peşə deyil, həm də konstitusion hüquqların təminat mexanizmlərindən biri kimi çıxış edir. Keyfiyyətli hüquqi yardım isə birbaşa vəkillik institutunun inkişafı ilə bağlıdır. Bu baxımdan, keyfiyyətli hüquqi yardımın təmin olunması üçün proseslərə daha erkən mərhələdən başlamaq zəruridir. Məktəb və universitetlərdə vəkillik peşəsinin təşviqi bu istiqamətdə mühüm alətlərdən biri hesab olunmalıdır. Burada əsas məsələ formal təqdimat deyil, real təmasın yaradılmasıdır".
O söyləyib ki, şagird hüququ yalnız kitab səhifələrindən deyil, real hüquqi proseslərin mahiyyətindən öyrənməlidir: "Siniflərdə yalnız qanun maddələrinin izahı ilə kifayətlənmək əvəzinə, real işlərin hekayələri təqdim olunmalıdır. Məsələn, bir şəxsin qanunsuz işdən azad olunması, ailə mübahisəsinin həlli və ya sahibkarın məhkəmədə müdafiəsi kimi konkret nümunələr gənclərdə hüququn mahiyyətini daha dərindən anlamağa və ona münasibətin formalaşmasına səbəb olur. Bu, hüququ abstrakt anlayışdan çıxararaq həyatın real elementinə çevirir və motivasiyanı artırır. Universitet mərhələsində isə artıq peşə məsuliyyəti formalaşdırılmalıdır. Hüquqi klinikalar, real iş simulyasiyaları, mentorluq proqramları və praktik müdafiə məşğələləri tələbəyə qanunu yalnız bilmək deyil, onu tətbiq etməyin məsuliyyətini də hiss etdirməlidir. Təhsil prosesi praktika ilə sıx bağlı olmalıdır. Çünki vəkillik yalnız hüquqi texnika deyil, insan taleyi ilə bağlı məsuliyyət daşıyan bir peşədir. Bu, qanun mətninin insan taleyi ilə kəsişdiyi nöqtədir. Anar Bağırovun vurğuladığı istiqamətin strateji mahiyyəti də məhz buradan qaynaqlanır. Güclü vəkillik institutu yalnız fərdi hüquqların müdafiəsi deyil, həm də investisiya mühitinin hüquqi təminatı, beynəlxalq mübahisələrdə dövlətin hüquqi mövqeyinin gücləndirilməsi və cəmiyyətdə hüquqa real inamın formalaşması deməkdir. İnsan hüquqa yalnız qanunların mövcudluğuna görə deyil, müdafiə mexanizmlərinin effektiv işlədiyini gördükdə inanır. Bir mühüm həqiqəti qəbul etməliyik: sabahın peşəkar vəkili birdən-birə formalaşmır. O, məktəbdə ilk hüquqi debatda yetişir, universitetdə ilk real sənədi oxuyarkən peşəkar düşüncə qazanır və ilk müdafiə məsuliyyətini hiss etdikdə peşəyə çevrilir. Bu səbəbdən məktəb və universitetlərdə vəkillik peşəsinə marağın artırılması təşəbbüsü düzgün qoyulmuş strateji məsələdir. Bu istiqamətdə atılan addımlar hüquqi sistemin gələcək dayanıqlılığı baxımından xüsusi əhəmiyyət daşıyır. Mən bu yanaşmanı prinsipial olaraq doğru hesab edir və onun sistemli şəkildə həyata keçirilməsini zəruri sayıram. Çünki ədalət yalnız qanunları yazmaqla qurulmur. Ədalət onu müdafiə etməyə hazır olan peşəkarlarla qurulur".
Elmir Heydərli
12:55 23.02.2026
Oxunuş sayı: 594