Arxeologiyada şok fakt: 100 illik tarix fərqi necə ortaya çıxdı?
Avropanın arxeologiya tarixində ən nadir tapıntılardan biri hesab edilən və Polşada aşkar olunan “Bagicz Şahzadəsi” kimi tanınan məzarın yaşı ilə bağlı uzun illər davam edən mübahisələrə son qoyulub. Müasir elmi metodların tətbiqi nəticəsində Roma Dəmir dövrünə aid olan bu unikal ahşap tabutun dəqiq tarixi müəyyən edilib.
Disiplinlərarası tədqiqat qrupu tərəfindən aparılan və Archaeometry jurnalında dərc olunan araşdırma göstərib ki, meşə palıdından hazırlanmış tabut eramızın təxminən 120-ci illərində kəsilmiş ağacdan hazırlanıb. Araşdırmaya arxeologiya, dendroxronologiya, radiokarbon analizi və izotop kimyası üzrə mütəxəssislər cəlb olunub.
Tapıntının üzə çıxma tarixi: sahil eroziyası tarixə yol açdı
Sözügedən məzar 1898-ci ildə Polşanın Baltik sahillərində yerləşən Bagicz yaxınlığında təsadüfən aşkar edilib. Sahil xəttində baş verən güclü eroziya nəticəsində uçurumun bir hissəsi çökmüş və torpaq altında gizlənən məzar üzə çıxıb.
Mütəxəssislərin bildirdiyinə görə, Baltik dənizi sahillərində torpaq qatının ildə təxminən bir metr geri çəkilməsi bölgəni arxeoloji baxımdan riskli, eyni zamanda olduqca zəngin əraziyə çevirir. Bu proses yüzilliklər boyu torpaq altında qalmış tarixi qalıqları tədricən üzə çıxarır.
Roma Dəmir dövrünə aid nadir dəfn nümunəsi
Aşkar edilən məzar eramızın I–IV əsrləri arasında Orta Avropada yayılmış Vielbark mədəniyyəti ilə əlaqələndirilir. Bu mədəniyyətə mənsub icmalar ölülərini əsasən oyulmuş ağac kütüklərindən hazırlanmış tabutlarda dəfn edirdilər.
Lakin Pomeraniya bölgəsində torpaqların yüksək turşuluğu səbəbindən ahşap materiallar adətən çürüyərək məhv olurdu. Məhz bu səbəbdən Bagicz məzarı bu günə qədər yaxşı qorunmuş yeganə taxta kütük tabut hesab olunur və arxeoloji baxımdan misilsiz əhəmiyyət daşıyır.
Məzardakı əşyalar nəyi göstərir?
Tabutun içərisində gənc bir qadına aid skelet qalıqları ilə yanaşı, dövrün estetik və sosial göstəricisi sayılan bir sıra əşyalar tapılıb. Bunlara bronz fibula, bəzəkli broş, iki bronz bilərzik və şüşə ilə kəhrəba muncuqlardan ibarət boyunbağı daxildir.
İlk sənədlərdə taxta tabure və heyvan dərisinin də olduğu qeyd edilsə də, bu üzvi materiallar zamanla məhv olub və muzey fondlarına daxil edilə bilməyib.
Tapıntıların zənginliyi qadının yüksək sosial mövqeyə malik olduğunu düşündürdüyü üçün arxeoloqlar onu şərti olaraq “Bagicz Şahzadəsi” adlandırıblar. Lakin sonradan aparılan qazıntılar yaxınlıqda daha geniş qəbiristanlığın mövcud olduğunu üzə çıxarıb və bu qadının cəmiyyət daxilində əvvəl düşünüldüyü qədər istisnai mövqedə olmaya biləcəyini göstərib.
Elmi ziddiyyət: 100 illik tarix fərqi
1980-ci illərdə aparılan tipoloji analizlərə əsasən, məzarın eramızın II əsrinin ortalarına – təxminən 110–160-cı illərə aid olduğu qənaətinə gəlinmişdi. Bu tarix Roma dövrünə aid bəzək əşyalarının üslub xüsusiyyətləri ilə uyğunluq təşkil edirdi.
Lakin 2018-ci ildə aparılan radiokarbon analizi gözlənilməz nəticə ortaya qoydu. Qadının diş nümunəsi əsasında aparılan testlər məzarın e.ə. 113 – e. 65-ci illər aralığında ola biləcəyini göstərdi. Bu isə iki metod arasında təxminən 100 illik fərq yaradaraq ciddi elmi suallar doğurdu.
Dendroxronologiya mübahisəyə son qoydu
2024-cü ildə alimlər son ümid kimi dendroxronologiya metoduna müraciət etdilər. Tabutun hazırlandığı palıd ağacının illik böyümə halqaları analiz edilərək regional ağac xronologiyası ilə müqayisə olundu.
Nəticə birmənalı oldu: ağac eramızın 120-ci illəri ətrafında kəsilib. Bu fakt, radiokarbon analizinin yanlış istiqamət verdiyini və tipoloji tarixləndirmənin daha doğru olduğunu sübut etdi.
Radiokarbon niyə yanıldı?
Araşdırma zamanı məlum olub ki, qadının qida rasionunda əsasən heyvani zülallar və ehtimal ki, şirin su balıqları üstünlük təşkil edib. Bu isə “rezervuar effekti” adlanan elmi fenomenə səbəb olub.
Şirin sularda yaşayan balıqlar minilliklərə aid “köhnə karbonu” orqanizmlərinə qəbul edir. İnsanlar bu balıqları qidalanmada istifadə etdikdə, sümüklərdəki karbon radiokarbon testlərində şəxsi real yaşdan daha qədim göstərir.
Bundan əlavə, bölgədəki suların karbonatla zəngin olması da nəticələrin təhrif olunmasına təsir edib.
Mütəxəssislər bildirirlər ki, bu hadisə arxeoloji tədqiqatlarda tək bir metodun kifayət etmədiyini açıq şəkildə göstərir. Dendroxronologiya, radiokarbon analizi, izotop tədqiqatları və maddi mədəniyyətin birlikdə araşdırılması daha etibarlı nəticələr verir.
Bir əsrdən artıqdır ki, elmi mübahisə mövzusu olan Bagicz məzarı artıq dəqiq tarixləndirilib və Roma Dəmir dövrünün araşdırılması üçün mühüm nümunəyə çevrilib.
Fatimə Məmmədova
08:30 23.02.2026
Oxunuş sayı: 562