Dünyanı həyəcanlandıran risk: İranın “saatlı bomba” tankerləri
İranla əlaqəli köhnə neft tankerlərinin ciddi ekoloji təhlükə yaratdığı bildirilir.
Crossmedia.az bu barədə “The Guardian” qəzetinə istinadən xəbər verir ki, sanksiyalardan yan keçmək üçün istifadə olunduğu iddia edilən bu gəmilər mütəxəssislər tərəfindən “işləyən saatlı bomba” kimi qiymətləndirilir.
Araşdırma ümumilikdə 29 tankeri əhatə edib. Məlumata əsasən, həmin gəmilərin təxminən yarısı tövsiyə olunan 20 illik təhlükəsiz istismar müddətini artıq başa vurub. Onlardan 7-si isə “çox yüksək risk” kateqoriyasına daxil edilib.
Bildirilir ki, İran donanmasında hər biri təxminən 300 min ton neft daşımaq gücünə malik beş çox böyük və köhnə tanker fəaliyyət göstərir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu tip gəmilərdə baş verə biləcək qəza 1989-cu ildə Alyaska sahillərində baş vermiş “Exxon Valdez” neft sızması hadisəsindən daha ağır nəticələrə səbəb ola bilər.
Analitiklərin sözlərinə görə, sözügedən tankerlərin bir çoxu sığortasız fəaliyyət göstərir və zəif nəzarət mexanizmləri ilə idarə olunur. Ehtimal olunan qəza halında dəniz mühitinin təmizlənməsi xərclərinin 860 milyon dollardan 1,6 milyard dollara qədər dəyişə biləcəyi qeyd olunur.
13:10 12.02.2026
Oxunuş sayı: 435