Körpə ölümləri artır: Hamiləlik müddətində nələrə diqqət edilməlidir?
Son vaxtlar körpələrin ani ölümləri getdikcə daha çox diqqət çəkir. Bəzən uşaqlar doğulduqları an həyatını itirir, bəzən isə bir neçə gün sonra qəfil ölümlə üzləşirlər. Bu halların səbəbləri çox vaxt mürəkkəbdir – erkən doğum, ananın hamiləlik dövründə sağlamlıq problemləri və bəzi genetik amillər bu riskləri artırır.
Valideynlər üçün belə hadisələr həm emosional, həm də psixoloji baxımdan böyük zərbədir. Körpənin yuxu şəraiti, düzgün qidalanması və təhlükəsiz yataq mühiti kimi sadə qaydalar riskləri azalda bilər, amma bəzi hallarda ölüm ani və gözlənilməz olur. Cəmiyyətdə bu məsələyə daha çox diqqət yetirilməli, valideynlər maarifləndirilməli və erkən tibbi nəzarət gücləndirilməlidir. Belə tədbirlər olmadan ani körpə ölümlərinin qarşısını tam almaq mümkün deyil.
Həkim- pediatr Şəlalə Poluxova qəfil körpə ölümü sindromu olan SİDS (Sudden Infantile Death Syndrome) barədə Crossmedia.az-a açıqlama verib:

"Qeyd olunan qəfil körpə sendromunun səbəbi tam məlum olmasa da müəyyən risk faktorları mövcuddur və elmi tədqiqatlarda bunlar müəyyən olunub. Ən çox ölümlə əlaqəli səbəblərdən biri uşaqlarda tənəffüs sistemi nəzarətinin tam yetkin olmamasıdır. Bu sistemin tam formalaşmaması SIDS-ə, yəni ani körpə ölümlərinə səbəb ola bilər. Xüsusən də erkən doğulmuş, aşağı doğum çəkili uşaqlarda tənəffüs apneaları müşahidə olunur ki, bu da zəif qaz mübadiləsinə gətirib-çıxarır və ani ölüm riskini artırır. Həmçinin, hamiləlik zamanı ananın narkotik istifadəsi, siqaret çəkməsi və bəzən uşaqla eyni yataqda yatması kimi hallar buna səbəb ola bilər. Hətta bəzən yeni doğulmuş körpələrin üstü başına qədər örtülür. Bu isə doğru deyil. Buna görə uşağı arxası üstə yatırmaq, yuxu zamanı əmzik istifadəsi tövsiyə olunur. Araşdırmalar göstərir ki, ana südü ilə qidalanan uşaqlarda ani körpə ölümü riski süni qida alanlara nisbətən daha aşağıdır. Əlavə olaraq prematür doğulmuş uşaqlar və aşağı doğum çəkili uşaqlarda risk faktorunun yüksək olmasının səbəbi odur ki, bu uşaqlarda orqan sistemləri tam inkişaf etmədiyi üçün tənəffüs, immun və qan dövranı sistemlərinin pozulma riski daha yüksəkdir. Bəzi körpələrin daxili orqanlarında inkişaf qüsurları ilə doğula bilər. Pnevmoniya və digər ciddi xəstəliklər də ölüm riskini yüksəldir".
Pediatr, hamiləlik zamanı düzgün tibbi nəzarətin çox vacib olduğunu qeyd edib:
"UZİ müayinələri, analizlər və digər testlər risk faktorlarını vaxtında müəyyən etməyə kömək edir. Hamiləlik zamanı yüksək qan təzyiqi və şəkər xəstəliyi kimi vəziyyətlərin idarə olunması körpə ölümlərinin qarşısını ala bilər. Siqaret və spirt istifadəsi birmənalı şəkildə qəti qadağandır. Hətta passiv siqaret tüstüsünə məruz qalmaq ani körpə ölümü riskini artırır. Hamilə qadın sağlam qidalanmalı, həddən artıq yeməkdən çəkinməlidir, çünki hormonal və metabolik pozulmalar körpə ölümlərinə səbəb ola bilər. Doğuşdan sonra həm körpə, həm də ananın yuxu mühiti olmalıdır. Körpəni kürəyi üstə yatırmaq, yumşaq yataq və yastıqdan istifadə etməmək, üstünü qalın örtüklərlə örtməmək vacibdir. Otağın havası düzgün havalandırılmalı, siqaret və digər risk faktorlarından uzaq durulmalıdır. Hamiləlik zamanı dəmir və fol turşusu kimi əlavələr yalnız həkim göstərişi ilə qəbul edilməlidir. Bu əlavələr sinir sisteminin, qan dövranının və ümumi inkişafının normal olması üçün vacibdir. Bütün bu tədbirlərə riayət etdikdə ani körpə ölümlərinin qarşısını almaq mümkündür və risk minimuma endirilir".
Fatimə Məmmədova
12:25 12.02.2026
Oxunuş sayı: 580