Rusiyada WhatsApp, YouTube və Facebook tamamilə bloklanıb
Rusiyada “WhatsApp”, “YouTube” və “Facebook” da daxil olmaqla bir sıra xarici onlayn platformalara giriş tamamilə dayandırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Nasha Niva” nəşri məlumat yayıb.
Bildirilib ki, artıq söhbət internetin yavaşladılmasından getmir. Sözügedən platformalar faktiki olaraq “görünməz” vəziyyətə gətirilib. Belə ki, bu resursların domen adları Rusiyanın milli DNS sistemindən çıxarılıb. Nəticədə istifadəçilər saytların IP ünvanını müəyyən edə bilmir və sistem domenin mövcud olmadığını göstərir. Bu isə həmin platformalara çıxışı tamamilə mümkünsüz edir.
Məlumata görə, yalnız “WhatsApp”, “YouTube” və “Facebook” deyil, eyni zamanda BBC, Deutsche Welle, Azad Avropa/Azadlıq Radiosu, Instagram, anonim Tor brauzeri və digər bir sıra resurslar da Rusiyada əlçatmaz olub.
Qeyd edək ki, Rusiya provayderlərinin Roskomnadzor tərəfindən idarə olunan Milli Domen Adları Sistemindən istifadə etməsi “suveren internet” haqqında qanunla məcburidir. Alternativ DNS xidmətlərindən, o cümlədən Google DNS-dən istifadə isə hakimiyyət tərəfindən 2021-ci ildən etibarən mərhələli şəkildə məhdudlaşdırılır.
22:30 11.02.2026
Oxunuş sayı: 584