ABŞ prezidenti Donald Tramp administrasiyasının rəsmiləri Tehrana təzyiq strategiyasının bir hissəsi kimi İran neftini daşıyan tankerlərin ələ keçirilməsi variantını nəzərdən keçiriblər.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Məlumata görə, plan İranın neft ixracını məhdudlaşdırmaq və iqtisadi təzyiqi artırmaq məqsədi daşıyıb. Lakin Vaşinqton mümkün cavab addımlarından ehtiyat edərək təşəbbüsdən geri çəkilib.
Xüsusilə İranın ABŞ-yə məxsus tankerlərə əl qoyması və ya Hörmüz boğazını bağlaması ehtimalı ciddi risk kimi qiymətləndirilib. Bundan əlavə, belə bir addımın qlobal enerji bazarlarında qiymətlərin kəskin artımına səbəb ola biləcəyi narahatlıq doğurub.
Nəticədə administrasiya eskalasiya risklərini və neft bazarına mümkün təsirləri nəzərə alaraq planı həyata keçirməmək qərarına gəlib.