Tatu: estetik seçim, yoxsa təhlükə mənbəyi?
Müasir dövrdə bədəndə qalıcı təsvirlər yaratmaq təkcə estetik seçim deyil, geniş müzakirə olunan sosial və psixoloji fenomenə çevrilib. Xüsusilə, gənclər arasında tatuya marağın artması bu mövzunu cəmiyyətin müxtəlif səviyyələrində diqqət mərkəzinə gətirir.
Bəzi insanlar üçün bu, özünüifadə və fərdiyyətin nümayişi vasitəsi, bəziləri üçün isə həyat hadisələrinin simvolik yaddaşa çevrilməsi hesab olunur.
Eyni zamanda, bu tendensiya ictimai münasibətlərdə fərqli yanaşmalar və suallar doğurur — insanları bədənlərini dəyişdirməyə nə vadar edir və bu seçim onların emosional vəziyyəti ilə əlaqəli ola bilərmi?
Məhz bu suallar fonunda tatu fenomeninin yalnız vizual və ya dəb prizmasından deyil, insan davranışı, özünü təqdim etmə formaları və sosial münasibətlər kontekstində araşdırılması aktuallıq qazanır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında professor, NLP (neyrolinqvistik proqramlaşdırma) və karmologiya üzrə ustad, uzun illər praktik psixoloq Namiq Qüdrətov bildirib ki, tatu vurduran şəxslər çox vaxt bu vasitə ilə öz kimliklərini nümayiş etdirməyə, həyat fəlsəfələrini ifadə etməyə və daxili hisslərini vizual formada çatdırmağa çalışırlar.
Onun sözlərinə görə, seçilən simvollar insanın psixoloji vəziyyətini müəyyən qədər analiz etməyə imkan verir.
"Tatu bəzən sevilən insanın xatirəsini əks etdirir və ya həyatın dönüş nöqtələrində yaşanan psixoloji halı göstərir", — deyə o bildirib.
Ekspert qeyd edib ki, tatu seçimi çox vaxt insanın daxili dünyasının simvolik dili kimi çıxış edir və bu seçim adətən şəxsi təcrübə, daxili hiss və ehtiyaclar, eləcə də ideal hesab edilən obrazların təsiri əsasında formalaşır:
"İnsan tatu seçəndə bu qərar təsadüfi olmur. Əjdaha təsviri güc və dominantlıq istəyini ifadə edə bilər. İlan simvolu yenilənmə və həyat mərhələsindən keçidi göstərir. Sevdiyi şəxsin adının yazılması bağlılıq ehtiyacını, qadın obrazı isə sevgi və ya ana fiquru ilə bağlı assosiasiyaları əks etdirə bilər".
N.Qüdrətov əlavə edib ki, tatu emosional vəziyyətin ifadəsinə çevrilə bilər və bu baxımdan psixologiyada bəzən insanın öz həyat hekayəsini bədəni üzərində simvolik şəkildə yazması kimi qiymətləndirilir.
"Tatu ağrını, sağalma prosesini, ümid və yenidən doğuluş ideyasını ifadə edə bilər”, — deyə o vurğulayıb.
Psixoloji yanaşmalarla yanaşı, məsələnin cəmiyyətə təsiri və sosial tərəfləri də diqqət çəkir. Bu baxımdan, mövzuya münasibət bildirən sosioloq Elçin Bayramlı Crossmedia.az-a açıqlamasında bildirib ki, son vaxtlar gənclər arasında bədənə tatu tətbiqi geniş yayılıb.
"Bu, ümumiyyətlə, qeyri-normal və qəbul edilməz bir haldır. Bəzi insanlar öz bədənlərini şəkil dəftəri kimi istifadə edir, kimyəvi maddələrdən hazırlanmış təhlükəli boyalarla tatu etdirməyə üstünlük verirlər. Bu isə heç bir real ehtiyaca xidmət etmir",- deyə o bildirib.

Sosioloq əlavə edib ki, bədənin üzərinə çəkilən təsvirlər insan həyatında ciddi bir fayda yaratmır, əksinə zərərlidir.
"Tatularda istifadə olunan süni kimyəvi boyalar orqanizm üçün təhlükəlidir və silinməsi çox çətindir, yalnız xüsusi əməliyyatlarla aradan qaldırmaq mümkündür. İnsan bədəni şəkil dəftəri deyil – ora müxtəlif simvollar çəkməyin heç bir üstünlüyü və faydası yoxdur",- deyə o vurğulayıb.
E. Bayramlı bildirib ki, tarixi baxımdan döymələr bəzi qəbilələrin mədəniyyətinə aid hərəkətlərdən biridir və onu müasir dövrdə dəbə salmaq heç bir məntiqə sığmır.
"Bunun yerinə gənclər faydalı işlərlə məşğul olmağa təşviq edilməlidir – real həyatda rəsmlər çəkmək, yaradıcı fəaliyyətlərlə məşğul olmaq, elm və texnologiya sahəsində biliklər əldə etmək, peşə öyrənmək. Dünyanın aparıcı alimləri artıq təsdiqləyir ki, tatularda istifadə olunan kimyəvi maddələr insan orqanizminə ciddi zərər vurur. Bir çox Qərb ölkələrində bu artıq sıradan çıxıb, bizdə isə hələ də dəb halını alır. Özünü ibtidai icma quruluşunda yaşayan qəbilələrə oxşatmaqdansa, müasir insan kimi yaşamaq, bilik və yaradıcılıqla məşğul olmaq daha faydalıdır. Psixoloji, mənəvi və sosial baxımdan tatu etdirməyin şəxsin özünə də, cəmiyyətə də heç bir faydası yoxdur",- deyə sosioloq bildirib.
"Yalnız zərərlidir. Bu barədə gənclərə izah olunduqda ağıllı gənclər bundan imtina edəcəklər. Amma bəziləri üçün bu yalnız fərqlənmək və diqqət çəkmək vasitəsidirsə, onları başa salmaq çətin və mənasızdır", – deyə o vurğulayıb.
E. Bayramlı qeyd edib ki, gənclər dünyada gerçək trendləri görməli, texnologiya və elm sahəsində uğurlu nümunələrdən ilham almalıdırlar.
"Məsələn, Çində gənclər kosmosa raket buraxır, texnoloji innovasiyalar yaradır. Bizdə isə tatu etməkdən başqa çox vaxt diqqət çəkən nəsə olmur", – deyə o vurğulayıb.
Psixoloji və sosial aspektləri araşdırdıqdan sonra, məsələyə tibbi prizmadan baxmaq da önəmlidir. Bu baxımdan, Crossmedia.az-a açıqlamasında səhiyyə eksperti Adil Qeybulla bildirib ki, tatu hələ qədim dövrlərdən insanlar tərəfindən istifadə olunub.

Onun sözlərinə görə, əvvəllər müxtəlif bitkilərdən və təbii yollarla əldə edilən piqmentlər dəriyə yeridilir və əsasən dərinin derma qatında yerləşdirilirdi ki, bu da rəngin uzun müddət qalmasına səbəb olurdu.
"İnsanlar bu üsuldan simvollar, fərqləndirici işarələr və təsvirlər yaratmaq məqsədilə istifadə edirdilər və ənənə bu günə qədər davam edir",- deyə o vurğulayıb.
A.Qeybulla bildirib ki, müasir dövrdə tatu həm rəngli, həm də sintetik piqmentlərlə həyata keçirilir və daha çox estetik xarakter daşıyır. Onun sözlərinə görə, dermaya yeridilən piqmentlər bəziləri üçün özünüifadə forması, digərləri üçün gözəllik vasitəsi və ya sosial status göstəricisi kimi çıxış edir, bəzi dini və kriminal mühitlərdə isə xüsusi mənalar daşıya bilər.
O əlavə edib ki, hazırda tatu prosesi anestezioloji vasitələrin tətbiqi sayəsində daha rahat icra olunur və xüsusi cihazlar vasitəsilə piqmentlərin dəriyə yeridilməsi daha dəqiq konturların əldə olunmasına imkan yaradır.
"Bu gün tatu həm qadınlar, həm də kişilər arasında geniş yayılıb və ən çox dekorativ güllər, yarpaqlar, simvollar və ornamentlər seçilir", deyə o bildirib.
İstifadə olunan piqmentlərin böyük hissəsinin tibbi testlərdən keçmiş və ciddi zərər hallarının geniş yayılmış sayılmadığını vurğulayan ekspert bildirib ki, müəyyən risklər mövcuddur.
"Bunlara allergik reaksiyalar, xüsusilə yanaşı xəstəlikləri olan şəxslərdə anafilaktik reaksiyalar daxildir. Həmçinin aseptika və antiseptika qaydalarına əməl olunmadığı hallarda hepatit, HİV, sifilis kimi infeksiyaların ötürülməsi riski yarana bilər", - deyə o bildirib.
Problemlərdən birinin boyaların düzgün utilizasiya edilməməsi olduğunu vurğulayan A. Qeybulla qeyd edir ki, istifadə olunmuş boya qalıqları bəzən atılmır və yenidən əsas qaba qaytarılır ki, bu da infeksiyanın bir şəxsdən digərinə keçməsi üçün şərait yaradır.
"Qaydalara görə, boya ayrıca qabda götürülməli, istifadə edildikdən sonra utilizasiya olunmalı və təkrar istifadə edilməməlidir. Əks halda sterillik pozulur və digər şəxsin qanı ilə təmas nəticəsində ciddi təhlükələr meydana çıxa bilər", - deyə o vurğulayıb.
Tatu yalnız moda və ya vizual seçim deyil — o, insanın daxili dünyasını, emosiyalarını və fərdi hekayəsini əks etdirən simvolik dildir. Bununla belə, psixoloji, sosial və tibbi risklər nəzərə alınmadan edilən hər bir dəyişiklik uzunmüddətli nəticələr doğura bilər. İnsanlar tatu etdirərkən yalnız estetik yox, həm də məsuliyyətli seçim etməli, qərarlarını hərtərəfli qiymətləndirməlidirlər. Tatu həm fərdi ifadənin, həm də düşünülmüş qərarın göstəricisi kimi qalır.
13:15 10.02.2026
Oxunuş sayı: 572