Qiyabi doktorantlar və hərbi xidmət: Elmi fəaliyyət yarımçıq qalır?
Azərbaycan Respublikası elmi kadrların hazırlanması və elmi fəaliyyətin təşkili sahəsində müəyyən hüquqi tənzimləmələrə malikdir. Qiyabi doktorantların dissertasiya müdafiəsi və hərbi xidmət məsələsi son dövrlərdə aktual problemə çevrilib. Xüsusilə ilkin müdafiəyə buraxıldıqdan sonra hərbi xidmətə çağırılan doktorantların elmi fəaliyyəti fasiləyə uğrayır və artıq sərf olunmuş intellektual resurslar tam istifadə olunmur.
Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa əsasən, doktorantura səviyyəsində təhsil alan şəxslərə hərbi xidmətə çağırışdan möhlət hüququ verilir. Lakin bu hüquq daha çox əyani təhsil alanlara şamil olunur, qiyabi doktorantlar üçün konkret hüquqi tənzimləmə hələ mövcud deyil. Nəticədə bəzi hallarda qiyabi doktorantlar ilkin müdafiədən dərhal sonra hərbi xidmətə çağırılır ki, bu da elmi işin məntiqi sonluğa çatdırılmasına mane olur.

Mövzu barədə Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova Crossmedia.az-a bildirib ki, son dövrlər qiyabi doktorantların hərbi xidmət məsələsi elmi ictimaiyyətdə və mediada müzakirə olunan aktual mövzulardan birinə çevrilib: "Xüsusilə müdafiəyə buraxılma mərhələsinə yaxınlaşan doktorantların hərbi xidmətə çağırılması həm elmi prosesin fasiləyə uğraması, həm də insan resurslarının səmərəliliyi baxımından suallar yaradır. Məsələ ondan ibarətdir ki, bir çox halda qiyabi doktorantlar ilkin müdafiəyə buraxıldıqdan sonra hərbi xidmətə cəlb olunur, halbuki 5–6 ay ərzində artıq əsas müdafiə mərhələsinə keçmək imkanları mövcuddur".
Deputat qeyd edib ki, Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa edilmiş dəyişikliklərə əsasən, doktorantura səviyyəsində təhsil alan şəxslərə hərbi xidmətə çağırışdan möhlət hüququ tanınıb: "Bu yanaşma elmin inkişafının dövlət üçün strateji əhəmiyyət daşıdığını nəzərə alaraq, təhsil alanların elmi fəaliyyətini yarımçıq qoymamasına xidmət edir. Qanunun mahiyyətinə görə, doktorantura təhsilini davam etdirən şəxslər təhsil müddəti ərzində hərbi xidmətə çağırışdan möhlət ala bilirlər və bu möhlət dissertasiya müdafiəsi mərhələsini də əhatə etməlidir".
E. Akimova əlavə edib ki, praktiki tətbiqdə əsas fərq təhsil formasından irəli gəlir: "Mövcud qanunvericilikdə möhlət hüququ daha çox əyani təhsil alan doktorantlara şamil olunur. Qiyabi doktorantlarla bağlı isə vəziyyət birmənalı tənzimlənməyib və bu da müxtəlif yanaşmaların ortaya çıxmasına səbəb olur. Nəticədə bəzi hallarda qiyabi doktorantlar ilkin müdafiəyə buraxıldıqdan dərhal sonra hərbi xidmətə çağırılır və bu, onların elmi işini məntiqi sonluğa çatdırmasına ciddi maneə yaradır".
Deputat vurğulayıb ki, ilkin müdafiəyə buraxılma faktı doktorantın elmi işinin əsas hissəsini tamamladığını göstərir:
"Bu mərhələdə möhlət hüququnun tanınması həm dövlətin elmə verdiyi dəyərin göstəricisi, həm də artıq sərf olunmuş elmi və intellektual resursların qorunması baxımından məqsədəuyğun olardı. Qısa müddətli möhlət hesabına müdafiənin başa çatdırılması, sonradan həmin şəxsin həm elmi dərəcəli mütəxəssis, həm də hərbi xidmət keçmiş vətəndaş kimi cəmiyyətə daha faydalı şəkildə qayıtmasına şərait yarada bilər. Hazırda qiyabi doktorantların ilkin müdafiədən sonra möhlət hüququnun ayrıca və dəqiq şəkildə tənzimlənməsinə dair xüsusi qanun layihəsi ictimaiyyətə açıqlanmayıb. Mövcud dəyişikliklər ümumi doktorantura səviyyəsini əhatə etsə də, təhsil formaları arasında yaranan bu boşluq hələ də qalmaqdadır. Bu səbəbdən məsələ daha çox icra mexanizmləri və müvafiq qurumların qərarları çərçivəsində həll olunur. Düşünürəm ki, qiyabi doktorantların müdafiə mərhələsinə yaxın dövrdə hərbi xidmətə çağırılması həm elmi prosesin ardıcıllığına, həm də insan kapitalının effektiv istifadəsinə ziddir. Bu sahədə daha dəqiq hüquqi mexanizmlərin formalaşdırılması, xüsusən ilkin müdafiəyə buraxılma mərhələsində möhlət hüququnun tanınması elmi mühitdə narahatlıq doğuran bu problemin aradan qaldırılmasına mühüm töhfə verə bilər".

Hərbi ekspert Ədalət Verdiyev isə bildirib ki, mövcud qanunvericiliyə görə doktorantura səviyyəsində qiyabi təhsil alanların hərbi xidmətdən möhlət hüququ mövcud deyil: "Digər tərəfdən isə elmlə məşğul olan, yəni doktorantura səviyyəsində təhsil alan şəxslər heç bir yerdə işləməməlidir; onlar yalnız təhsil aldıqları müəssisədə elmi işçi və buna bənzər vəzifələrdə yarımştat əsaslarla çalışa bilərlər. Ümumiyyətlə, qiyabi, distant və onlayn təhsil alan bakalavr, magistr və doktorantlara möhlət hüququ aid edilmir. Burada möhlət hüququ yalnız əyani oxuyan şəxslərə aid edilir. Buna görə də qiyabi təhsil alanlar heç bir halda möhlət hüququ əldə edə bilmir. Bu səbəbdən də onlar hərbi xidmətə göndərilirlər və bu, mövcud qanunvericiliyin tələblərinə tamamilə uyğundur".

Təhsil ekspert Elçin Əfəndi isə söyləyib ki, hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsində göstərilir ki, doktorantura pilləsi üzrə yalnız əyani təhsil alan şəxslərə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir: "Qiyabi təhsildə isə belə bir möhlət tanınmır. Yalnız əyani təhsil üçün bu hüquq nəzərdə tutulub. Əyani təhsil alan doktorantlara həm ölkə daxilində, həm də xaricində möhlət hüququ verilir. Ölkə xaricində prosedur bir qədər fərqlidir: onlar universitetin qəbul sənədini təqdim etməli və bunu notarial qaydada təsdiqləməlidirlər. Qiyabi təhsil alanlarda isə, istər ölkə daxilində, istərsə də xaricdə olsun, müdafiədən sonra həqiqi hərbi xidmətə getməlidirlər. Fikrimizcə, qiyabi təhsil formasından asılı olmayaraq, həmin şəxslərə də icazə verilməlidir ki, onlar həqiqi hərbi xidmətə doktorantura pilləsini başa çatdırdıqdan sonra getsinlər. Düzdür, hazırda bununla bağlı konkret müzakirə yoxdur, amma gələcəkdə Milli Məclisin Elm və Təhsil Komitəsi bu məsələyə baxmalıdır".
Mehriban Yariyeva
12:20 09.02.2026
Oxunuş sayı: 720