“Rosatom” Ermənistana atom əməkdaşlığı təklif etdi
Rusiyanın dövlət nüvə korporasiyası “Rosatom” Ermənistan tərəfinə atom energetikası sahəsində genişmiqyaslı və kompleks əməkdaşlıq təklif edib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, təklif yalnız böyük gücə malik atom elektrik stansiyalarının tikintisini deyil, eyni zamanda orta və kiçik güclü AES-lərin inşasını da əhatə edir. “Rosatom” Ermənistanla əməkdaşlıq çərçivəsində atom energetikası ilə yanaşı, əlaqəli sahələrdə, o cümlədən qeyri-nüvə xarakterli layihələrin də həyata keçirilməsinə hazır olduğunu bəyan edib.
Korporasiya vurğulayıb ki, bu cür kompleks yanaşma Ermənistanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, elektrik enerjisi istehsalının şaxələndirilməsinə və uzunmüddətli dayanıqlı inkişafına töhfə verə bilər.
Qeyd edək ki, Ermənistan hazırda Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılması və gələcəkdə yeni enerji mənbələrinin yaradılması məsələlərini müzakirə edir. “Rosatom”un təklifi də məhz bu kontekstdə, rəsmi İrəvan üçün alternativ və strateji variant kimi qiymətləndirilir.
00:23 06.02.2026
Oxunuş sayı: 401