Avstraliya İranda baş verən hadisələrlə əlaqədar əlavə 20 nəfər və 3 quruma qarşı sanksiya tətbiq edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Xarici İşlər və Ticarət Nazirliyinin Yaxın Şərq şöbəsinin rəsmi nümayəndəsi Matthev Vays açıqlama verib.
Məlumata görə, Vays Güney Azərbaycan Demokratik Türk Birliyinin departament sədri Sara Azərsuna ünvanladığı məktubda Avstraliya hökumətinin mövqeyini çatdırıb. Məktubda qeyd olunur ki, Avstraliya İran rejiminin etirazları boğmaq üçün tətbiq etdiyi zorakılığı qətiyyətlə pisləyir və günahsız mülki şəxslərə qarşı törədilən qəddarlıqdan dərin narahatlıq keçirir.
Vays bildirib ki, İran hakimiyyətinin xalqa qarşı repressiyalarına cavab olaraq 3 fevral 2026-cı il tarixində 20 fiziki şəxs və 3 quruma qarşı əlavə maliyyə sanksiyaları qüvvəyə minib. Eyni zamanda, İran hakimiyyətinə etirazçılara qarşı zorakılığın, əsassız həbslərin və telekommunikasiya blokadalarının dərhal dayandırılması çağırışı edilib.
Qeyd olunub ki, 2022-ci ildən bu yana Avstraliya 220-dən çox iranlı şəxs və quruma qarşı sanksiya tətbiq edib. Bundan əlavə, 2025-ci ildə İran İnqilab Keşikçiləri Korpusu Avstraliya tərəfindən “dövlət tərəfindən dəstəklənən terror təşkilatı” kimi tanınıb.
Fatimə Məmmədova