Gizli ABŞ şəbəkəsi ifşa olundu: FOG Ukraynadan Qəzzaya əməliyyatlarda
Qlobal kəşfiyyat nəşrlərində yayımlanan araşdırmalara görə, ABŞ mərkəzli Forward Observations Group (FOG) adlı hərbi strukturun rəsmi hüquqi statusu və Müdafiə Nazirliyi ilə müqaviləsi olmadan fəaliyyət göstərdiyi, buna baxmayaraq, ABŞ xüsusi bölmələrini təlimləndirdiyi və bir sıra münaqişə zonalarında faktiki olaraq döyüş əməliyyatlarında iştirak etdiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, "Intelligence Online" tərəfindən yayımlanan geniş araşdırmada FOG-un klassik özəl hərbi şirkətdən fərqli olaraq təlim, sahə əməliyyatları, kəşfiyyat əlaqələri və media fəaliyyətlərini birləşdirən hibrid şəbəkə kimi işlədiyi bildirilir.
Hüquqi statusu yoxdur, amma hərbi bazalarda təlim keçir
Məlumata görə, FOG-un ABŞ Müdafiə Nazirliyində tanınmış hüquqi statusu yoxdur. Buna baxmayaraq, qurumun Fort Bragg və Camp Lejeune kimi kritik ABŞ hərbi obyektlərində təlim fəaliyyəti apardığı qeyd olunur. Təlimlərdə Yaşıl Berelilər, MARSOC və digər xüsusi bölmə elementlərinin iştirak etdiyi iddia edilir. Şirkətin qurucusu keçmiş hava-desant hərbçisi Derrick Balesdir; şəbəkədə keçmiş Delta Force və Navy SEAL üzvlərinin də yer aldığı bildirilir.
Ukrayna və Afrika xətti
Araşdırmaya görə, FOG-un Ukraynadakı fəaliyyəti 2021-ci ildən görünməyə başlayıb. Donbas bölgəsində silahlı FOG üzvlərinin görüntüləri yayımlanıb, 2022-dən sonra isə Ukraynanın xüsusi bölmələri və təhlükəsizlik strukturları ilə təlim və sahə işi apardıqları iddia olunur. Daha sonra bəzi qrupların Sudan və Afrika Buynuzuna keçdiyi, Cibutidə yerləşən Camp Lemonnier ətrafında da aktivlik göstərdikləri qeyd edilir.
Qəzza ilə bağlı ağır iddialar
FOG-un Yaxın Şərqdə, xüsusən Qəzzada fəaliyyəti ilə bağlı iddialar 2023-dən sonra intensivləşib. Araşdırmalarda FOG üzvlərinin İsrail ordusu ilə birgə əməliyyatlarda iştirakına dair görüntülər və sosial media paylaşımları göstərilir. Bir sıra insan haqları qurumları bu fəaliyyəti müharibə və insanlıq əleyhinə cinayətlərə şəriklik kimi qiymətləndirir. ABŞ rəsmiləri isə bölgəyə rəsmi qoşun göndərilmədiyini bildirir.
Rusiya: “Legitim hərbi hədəf”
Rusiya Xarici İşlər Nazirliyi FOG-un Ukraynada, o cümlədən Kursk istiqamətində əməliyyatlarda iştirak etdiyini iddia edərək bu qurumu “legitim hərbi hədəf” elan edib. FOG isə ittihamlarla bağlı sualları cavablandırmaqdan imtina edir.
Araşdırma ABŞ-nin Ukraynadan Afrikaya və Yaxın Şərqə qədər uzanan münaqişə zonalarında rəsmi varlığı qəbul edilməyən paramilitar şəbəkələrdən istifadə etdiyi iddialarını yenidən gündəmə gətirib.
17:26 06.02.2026
Oxunuş sayı: 565