ABŞ–İran amili nefti silkələdi: qiymətlər yenidən yüksəldi
Bu gün, fevralın 6-da dünya bazarında neft qiymətləri əvvəlki ticarət sessiyasında qeydə alınan kəskin enişdən sonra 1%-dən çox bahalaşıb. Bazarda canlanma əsasən ABŞ ilə İran ətrafında formalaşan geosiyasi vəziyyətlə əlaqələndirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, enerji qiymətləri təxminən iki ay ərzində ilk dəfə həftəlik ucuzlaşma ilə üz-üzə qalır. Təchizatla bağlı narahatlıqların azalması və investorların diqqətini ABŞ–İran danışıqlarının mümkün nəticələrinə yönəltməsi bazarda ehtiyatlı optimizm yaradıb.
Belə ki, Brent markalı neftin fyuçersləri 78 sent (1,2%) artaraq 68,33 dollar, WTI isə 80 sent (1,3%) bahalaşaraq 64,09 dollar səviyyəsinə yüksəlib. Bununla belə, Brent həftəlik hesabla 3,3%, WTI isə 1,8% ucuzlaşma yolundadır.
Analitiklər qeyd edirlər ki, ABŞ və İran arasında gərginliyin artması qlobal neft axınını ciddi şəkildə poza bilər. Çünki dünya neft istehlakının təxminən beşdə biri Hörmüz boğazından keçir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İraq xam neftinin böyük hissəsini də bu marşrutla ixrac edir.
Əgər ABŞ–İran danışıqları regionda münaqişə riskini azaldarsa, neft qiymətlərində əlavə eniş mümkündür. Əksinə, açıq qarşıdurma ssenarisi reallaşarsa, bir neçə həftə ərzində neft və neft məhsullarının qiymətləri kəskin bahalaşa bilər.
Capital Economics analitikləri bildirirlər ki, “geosiyasi risklər zamanla zəif fundamental amillərlə əvəz oluna bilər”.
Xatırladaq ki, Reliance Industries Avropa İttifaqının Rusiya neft məhsullarına qadağasından sonra ilk dəfə Avropaya aviasiya yanacağı ixrac edib. Eyni zamanda, yanvarda Rusiyanın neft və qaz ixracından əldə etdiyi gəlirlər illik müqayisədə təxminən 50% azalaraq son dörd ilin ən aşağı səviyyəsinə enib.
15:57 06.02.2026
Oxunuş sayı: 357