Avropa İttifaqı Türkiyəyə qapını göstərdi: üzvlük yenə təxirə düşdü
Avropa İttifaqına Türkiyənin üzvlüyü ilə bağlı danışıqların yenidən başlaması hələlik gündəmdə deyil. Bunu Ankaraya səfər ərəfəsində genişlənmə məsələləri üzrə Avropa Komissarı Marta Kos bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, komissar səfərin əsas məqsədini etimadı bərpa etmək və iqtisadi münasibətləri hər iki tərəf üçün daha sərfəli hala gətirmək kimi izah edib. O qeyd edib ki, Aİ Türkiyə ilə münasibətlərə "yeni baxış" keçirməli olsa da, danışıqların yenidən başlanması planlaşdırılmır.
Marta Kosun fikrincə, Ukraynadakı müharibə Avropadakı reallıqları, xüsusilə Qara dəniz regionunda dəyişdirəcək və bu səbəbdən Ankara Brüssel üçün çox vacib tərəfdaş olacaq.
Bundan əlavə, Avropa Komissiyası cümə günü Türkiyə, Mərkəzi Avropa və Cənubi Qafqaz ölkələri ilə "Regional qarşılıqlı əlaqə proqramının təşviqi" adlı tədqiqatını təqdim etməyi planlaşdırır. Tədqiqatda bölgələr arasında nəqliyyat və ticarət koridorlarının inkişafı üçün zəruri investisiyalar da əks olunacaq.
Nigar Yahyazadə
12:35 06.02.2026
Oxunuş sayı: 416