TƏCİLİ: Əraqçi danışıqlar üçün Masqata yola düşdü
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, xarici işlər naziri Abbas Əraqçı Omanın paytaxtı Masqatda ABŞ ilə aparılacaq nüvə danışıqları üçün göndərilən diplomatik nümayəndə heyətinə rəhbərlik edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bəqayinin sözlərinə görə, danışıqlar İranın qəti mövqeyi əsasında aparılacaq və məqsəd İran xalqının maraqlarını qoruyan, eyni zamanda regionda sülh və sabitliyi möhkəmləndirən ədalətli, dürüst və qarşılıqlı məqbul razılaşmaya nail olmaqdır.
XİN sözçüsü vurğulayıb ki, əvvəlki illərin təcrübəsi — razılaşmalar üzrə öhdəliklərin yerinə yetirilməməsi, iyun ayında baş verən hərbi hücumlar və ötən ilin dekabrında qeydə alınan xarici müdaxilələr — İran tərəfinin yaddaşındadır və danışıqlarda nəzərə alınacaq.
Bəqayi əlavə edib ki, İran öz milli maraqlarını qorumaq və regional sülhü möhkəmləndirmək məqsədilə bütün diplomatik imkanlardan istifadə etmək niyyətindədir. O, həmçinin danışıqlar prosesinin hazırlanmasına töhfə verən qonşu və dost ölkələrə təşəkkür edib.
09:09 06.02.2026
Oxunuş sayı: 445