Rusiyanın Ukrayna ilə bağlı uzunmüddətli məqsədi ÜZƏ ÇIXDI
Fevralın 3-nə keçən gecə Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumu həyata keçirib. Belə ki, hücum zamanı ümumilikdə 521 hava hücum vasitəsindən, o cümlədən çoxlu sayda ballistik raketdən istifadə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Məlumata görə, 70-dən artıq raketin yalnız 38-i zərərsizləşdirilib.
Hücumun əsas hədəfləri isə Ukraynanın səkkiz vilayətində yerləşən istilik enerjisi obyektləri və çoxmərtəbəli yaşayış binaları olub. Nəticədə Kiyev, Xarkov, Dnepr və Odessa şəhərlərindəki istilik-elektrik stansiyaları ciddi ziyan görüb, minlərlə insan işıq və istilik təchizatından məhrum qalıb.
Ukraynalı politoloq Maksim Yalı hesab edir ki, Kremlin məqsədi yalnız Ukraynanı qısa və orta müddətdə sülhə məcbur etmək deyil. Onun sözlərinə görə, Rusiya uzunmüddətli perspektivdə Ukraynanın müharibədən sonra Qərbin dəstəyi ilə sürətli bərpa imkanlarını zəiflətməyə çalışır. Ekspertin fikrincə, Moskvanın əsas strateji hədəfi Ukraynanın Rusiya sərhədləri yaxınlığında Qərbin uğurlu “nümunə dövlətinə” çevrilməsinin qarşısını almaqdır. Bununla paralel olaraq, əhali arasında qorxu yaradılaraq psixoloji təzyiq gücləndirilir.
O, bildirib ki, bu qorxu gələcəkdə ukraynalıların seçkilərdə Rusiya ilə münasibətlərin normallaşdırılmasını müdafiə edən siyasi qüvvələrə üstünlük verməsinə hesablanıb.
Politoloq həmçinin, vurğulayıb ki, qorxu avtoritar rejimlərin ən təsirli alətlərindən biridir və Rusiya bu metodu həm daxili, həm də xarici siyasətdə aktiv şəkildə tətbiq edir.
Fatimə Məmmədova
17:31 05.02.2026
Oxunuş sayı: 459