ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Pekin arasında yüksək səviyyəli telefon danışığının baş tutduğunu açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Çin Xalq Respublikasının sədri Si Cinpinlə keçirilən telefon danışığı uzun və ətraflı olub, müzakirələr müsbət məcrada keçib.
Tramp bildirib ki, söhbət zamanı təkcə ABŞ–Çin münasibətləri deyil, həm də tərəflər arasında şəxsi əlaqələr müzakirə edilib və bu əlaqələr uğurlu qiymətləndirilib.
Telefon danışığında bir sıra mühüm beynəlxalq və ikitərəfli məsələlər gündəmdə olub. Müzakirə olunan mövzular arasında ticarət və hərbi məsələlər, Trampın aprel ayında Çinə mümkün səfəri, Tayvan ətrafındakı vəziyyət, Rusiya–Ukrayna müharibəsi, eləcə də İranla bağlı mövcud durum yer alıb.
Bununla yanaşı, Çinin ABŞ-dən neft və qaz alışı, kənd təsərrüfatı məhsullarının idxalının artırılması imkanları və təyyarə mühərriklərinin tədarükü də müzakirə mövzusu olub.
ABŞ prezidenti qeyd edib ki, prezidentliyinin qalan üç ili ərzində Çin və Çin xalqı ilə münasibətlərdə əhəmiyyətli müsbət nəticələr əldə olunacağına ümid edir.