Brüsselin Gürcüstana dair mövqeyinin tənqidi xarakter daşıdığı və obyektiv qiymətləndirmə meyarlarına cavab vermədiyi bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “Imedi” telekanalına müsahibəsində danışıb.
Nazir vurğulayıb ki, Gürcüstan ilə Avropa İttifaqı arasında münasibətlər hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, tərəflər bir-birinə qarşılıqlı şəkildə ehtiyac duyur və sağlam münasibətlərin qorunması həyati vacibdir.
Boçorişvili qeyd edib ki, Brüssel hazırda üzv dövlətlər arasında mövqe fərqləri olmasına baxmayaraq, bu məsələlərlə bağlı konkret addımlar atmır. O bildirib ki, bir sıra ölkələrin hakimiyyətləri Gürcüstana qarşı ədalətsiz yanaşmanın mövcudluğunu etiraf edir və bunun Avropanın maraqlarına uyğun olmadığını düşünürlər.
Nazirin sözlərinə görə, münasibətlərin tez-tez gərginləşməsinin səbəbi müasir Avropa bürokratiyasının bəyanat və addımlarıdır. O əlavə edib ki, Gürcüstan hökuməti ölkənin inkişafına və vətəndaşlar üçün daha yaxşı şəraitin yaradılmasına fokuslanıb.