İsrail mediası: Oman danışıqlarından əvvəl razılaşma ehtimalı zəifdir
İsrail mediası İran və ABŞ arasında Oman vasitəçiliyi ilə keçirilməsi planlaşdırılan nüvə danışıqları ilə bağlı skeptik mövqe sərgiləyib.
Crossmedia.az bu barədə "Ynet" qəzetinə istinadən xəbər verir.
İsrail rəsmiləri mümkün razılaşmanın əldə olunma ehtimalını “çox az” qiymətləndirirlər.
Məlumata əsasən, İsrail tərəfinin əsas narahatlığı Tehran hökumətinin danışıqları yalnız nüvə proqramı çərçivəsində saxlamaq niyyətində olmasıdır. İsrail hesab edir ki, İran ballistik raket proqramı və regiondakı fəaliyyəti kimi digər kritik məsələlərin müzakirədən kənarda qalmasına çalışır.
"Ynet" qeyd edir ki, danışıqlar ABŞ-də prosesin əvvəlcə ləğv edildiyi, daha sonra isə yenidən bərpa olunduğu barədə ziddiyyətli məlumatlar fonunda gündəmə gəlib. Ağ Evin yüksək vəzifəli rəsmisi “Əl-Cəzirə” telekanalına açıqlamasında bildirib ki, ərəb və müsəlman liderlərinin təzyiqindən sonra Vaşinqton danışıqlara qayıtmaq qərarı verib.
Xəbərdə vurğulanır ki, yaranmış qeyri-müəyyənlik fonunda İsrail tərəfi Oman danışıqlarının real nəticə verəcəyinə dair ciddi gözlənti formalaşdırmır.
11:07 05.02.2026
Oxunuş sayı: 538