“Time” jurnalı İranda etirazların yatırılmasına xüsusi say həsr edib
"Time" jurnalı İranda baş verən etirazların zorakılıqla yatırılmasını üz qabığı və xüsusi buraxılışında geniş şəkildə işıqlandırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, “Ayətullahdan sonra” başlıqlı yeni sayda nəşr İrandakı son hadisələri təhlil edən geniş məqalə dərc edib.
Jurnal etirazların kütləvi şəkildə yatırılmasını İkinci Dünya Müharibəsindən bəri odlu silahlarla törədilən ən ağır qırğınlardan biri kimi qiymətləndirir və İran hökumətini “uçurumun kənarında” olan hakimiyyət kimi təsvir edir.
Məqalənin giriş hissəsində qeyd olunur ki, 1979-cu il inqilabından sonra hakimiyyətə gələn İslam Respublikası yanvar etirazları zamanı küçələrə çıxan insanların miqyasını aydın şəkildə dərk edib və “küçələri necə təmizləməyi bildiyini” nümayiş etdirib.
Nəşrin məlumatına görə, 8 yanvar axşamı İran hakimiyyəti ölkə üzrə interneti kəsib və təhlükəsizlik qüvvələrinə sərt tədbirlərin görülməsi barədə əmr verib. Bildirilir ki, ölkə daxilində minlərlə insan həlak olub və 48 saat ərzində ölənlərin sayının 30 minə çata biləcəyi ehtimal olunur.
Məqalədə ABŞ-nin reaksiyasına da toxunulur. Qeyd edilir ki, ABŞ Prezidenti Donald Tramp “köməyin yolda olduğunu” vəd etsə də, bu vədin real nəticəsi olmayıb. Nəşr yazır ki, İran hakimiyyəti qələbə elan etdiyi bir vaxtda, ölkə vətəndaşları öz ölülərini saymaqla üz-üzə qalıb.
09:32 05.02.2026
Oxunuş sayı: 1060